Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə bu gün növbəti məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər - A.Əliyev və K.Mədətov ifadə veriblər. Hər iki şəxs məhkəmədə ilkin istintaqa verdikləri ifadələrini təsdiq etməyib və özlərini qətldə təqsirli bilməyib.
Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.
O cümlədən, "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.