...

Tahir Rzayev: Nəinki öz tələbatımızı ödəməli, yerli məhsulları xarici ölkələrə ixrac da etməliyik

Cəmiyyət Materials 14 Yanvar 2016 12:27 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan idxaldan asılı olmayan bir ölkəyə çevrilməlidir. Bu da sözsüz ki, yerli istehsalın artırılması hesabına olmalıdır. Biz nəinki əhalinin tələbatını ödəmək, müəyyən məhsulları xarici ölkələrə ixrac da etməliyik".

Bunu Trend-ə Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev daim bu məsələni diqqətdə saxlayıb və Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu istiqamətdə ciddi tapşırıqlar verdi.

Deputat bildirib ki, Azərbaycanın idxaldan asılılığını azaltmaq üçün görüləcək tədbirlərin əsasında duran məsələlərdən biri kənd təsərrüfatının, heyvandarlığın, quşçuluq və digər sahələrin daha da inkişaf etdirilməsidir.

T.Rzayev bildirib ki, bir sıra regionlarda bu istiqamətdə mühüm işlər görülüb: "Məsələn, Ağcabədi rayonunda süd kombinatları yaradılıb və həm heyvandarlığın inkişafı, həm də süd məhsullarının istehsalı üçün böyük işlər görülüb. Rayonda taxılçılıqla əlaqədar böyük bir təsərrüfat, o cümlədən, böyük ət kombinatı yaradılıb".

R.Rzayev vurğulayıb ki, bu proses bütün regionlarda həyata keçirilməlidir: "Taxılçılıq, bitkiçilik, arıçılıq, üzümçülük inkişaf etdirilməlidir. Azərbaycan elə bir iqlimə malikdir ki, burada çox sayda məhsullar becərmək, yetişdirmək olar. Yerli məhsulların istehsalını inkişaf etdirərək xaricə ixracını genişləndirə də bilərik. Azərbaycan şərabı dünya şöhrəti qazanıb. Bu sahəni də inkişaf etdirə, o cümlədən, nar şirəsi, üzüm şirəsi və digər meyvə şirələrinin istehsalını artılra bilərik. Heyvandarlığı daha da inkişaf etdirməklə xaricə ət məhsullarının ixracını artıra bilərik".

Deputat qeyd edib ki, sahibkarlar üçün Azərbaycanda yaradılan şərait ildən-ilə inkişaf etdirilir: "Amma bəzi süni maneələr də var, sənədləşmə işlərində müəyyən ləngimələr olur. Prezident İlham Əliyev bildirdi ki, elə çevik idarəetmə strukturu yaradılmalıdır ki, bütün məsələlər tez həll edilsin. Dövlət başçısı bütün nazirlərə, əlaqədar təşkilatlara göstəriş verdi ki, bu işə məsuliyyətlə yanaşılmalıdır. Hər bir vətəndaşın səyi, təşəbbüskarlığı lazımdır. Hər birimiz bu prosesin təbliğatçısı və iştirakçısı olmalıyıq".

Deputat bildirib ki, bahalaşmanı yaradan süni amillər var: "Dolların məzənnəsindəki dəyişiklik daxili məhsulların qiymətlərinə təsir etməməlidir, çünki bu məhsullar xaricdən gətirilmir. Təəssüf ki, bəzi işbazlar bazarda bahalaşma yaradırlar. Bunun qarşısının alınması üçün də tədbirlər gücləndirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti