Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı, bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə vətəndaşlara dövlət xidmətləri haqqında informasiyanı təqdim edən dövlət xidmətlərinin Elektron Reyestr Portalı (www.dxr.az) yaradılıb.
Trend-in məlumatına görə, bu gün portalın təqdimat mərasimində Agentliyin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov bildirib ki, portalın yaradılmasında əsas məqsəd vətəndaşların xidmətlər haqqında ətraflı məlumat əldə etmə imkanlarının, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsidir.
O, qeyd edib ki, bunun üçün dövlət xidmətləri barədə vətəndaşları maraqlandıran informasiyalar araşdırılıb, təhlil edilib və Reyestrin strukturu müəyyən edilib.
Portal haqqında məlumat verən Elektron xidmətlərin inkişafı, sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov deyib ki, artıq Elektron Reyestrin proqram təminatı hazırlanıb, xidmətlər sistemə daxil edilib, paralel olaraq müxtəlif istiqamətdə sınaqlar həyata keçirilib.
O, əlavə edib ki, təqdim olunan portal məlumatların vətəndaşlar tərəfindən effektiv istifadəsi məqsədilə hazırlandığı üçün növbəti illərdə də vətəndaşlardan gələn təkliflər istiqamətində daha da təkmilləşdiriləcək.
Qeyd edək ki, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 nömrəli fərmanı ilə yaradılıb. Həmin fərmanın 4.2-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin tərəfindən 9 fevral 2015-ci il tarixli qərarla "Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması" Qaydaları təsdiq edilib. Fərmana əsasən, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb.