...

Əmək haqqı (I HİSSƏ)

Cəmiyyət Materials 19 Yanvar 2016 10:20 (UTC +04:00)
Əmək haqqı, bütün dünyada insanların ən əsas və ən geniş yayılmış gəlir mənbələrindən biri kimi, görülən işə nisbətdə işəgötürən tərəfindən işçiyə kompensasiya edilən puldur.
Əmək haqqı (I HİSSƏ)

Giriş

Əmək haqqı, bütün dünyada insanların ən əsas və ən geniş yayılmış gəlir mənbələrindən biri kimi, görülən işə nisbətdə işəgötürən tərəfindən işçiyə kompensasiya edilən puldur. İnkişaf etmiş və etməkdə olan ölkələrin iqtisadiyyatı üçün əmək haqqı çox böyük əhəmiyyətə malikdir. Belə ki, əmək haqqı özü bir çox iqtisadi və hüquqi münasibətlərin yaranmasında və müəyyən edilməsində açar rolu oynayır. Misal üçün, əmək haqqı malların, məhsulların qiymətləndirilməsində əsas müəyyənedici faktordur. Məqalələrdə əmək haqqına Azərbaycan Respublikası və xarici ölkələrin qanunvericilikləri, o cümlədən BƏT-in konvensiyaları işığında hüquqi və iqtisadi aspektdən yanaşılacaq. Həm də, onu qeyd edək ki, araşdırılan bu mövzu aktuallığı, əhəmiyyətliliyi və geniş olması baxımından üç hissədə yayımlanacaq. Birinci məqalədə, əmək haqqının və onun komponentlərinin anlayışına, habelə xüsusi hallarda əmək haqqının ödənilməsi məsələlərinə toxunulacaq.

Hüquqi aspektdən əmək haqqı.

Əmək haqqına hüquqi aspektdən yanaşarkən ilk öncə əmək haqqının qanunvericilikdə nəzərdə tutulan anlayışına nəzər salaq. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsində aşağıdakı kimi anlayış verilmişdir: "Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur".

Anlayışdan görüldüyü kimi əmək haqqına yalnız işin sonunda işçiyə gündəlik və ya aylıq ödənilən məbləğ aid deyil, buraya həm də əlavələr, mükafatlar və digər ödənclər daxil edilir.

Əmək haqqında əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Nəzərə alsaq ki, əmək haqqı geniş mövzudur və konkret olaraq tək bir hal ilə şərtlənmir buna görə də, digər anlayışlara da baxmaq lazımdır.

Bu anlayışlardan biri minimum əmək haqqıdır, AR Əmək Məcəlləsinin 155.2-ci maddəsinə əsasən, iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

Orta əmək haqqı - işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.

Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.

İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.

Müəyyən hallar ilə əlaqədar əmək haqqının ödənilməsi müvafiq olaraq hər bir hala uyğun ödənilir. Bu hallardan bəziləri aşağıda qeyd ediləcək:
1. Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı
2. Əvəz etmə ilə əlaqədar tətbiq edilən əmək haqqı
3. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqının ödənilməsi
4. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
5. Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi
6. Boşdayanma vaxtı əməyin ödənilməsi

1. Xüsusi şəraitdə tətbiq edilən əmək haqqı.
Yəni ki, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Həmin artımlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında sadalanıb.

2. Əvəz etmə ilə əlaqədar tətbiq edilən əmək haqqı
Əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

3.İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi
Yuxarıda sadalanan hallar ilə əlaqədar əmək haqqı aşağıdakı qaydada ödənilir:
• əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;
• əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
• aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.
Həmçinin qeyd edək ki, İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

4. İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
• əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
• əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
• Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
• İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

5.Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi
Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir. İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam saat 22-dən, səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq, gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əmək haqqı sistemi üzrə ödənilir.

6. Boşdayanma vaxtı əməyin ödənilməsi
Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir.

İqtisadi aspektdən əmək haqqı.
Əmək haqqı cəmiyyətdə yaranan bir çox iqtisadi münasibətlərdə əsas rol oynayır. Demək olar ki, hər bir iqtisadi hesablamalar həmin dövrdə mövcud olan əmək haqqına münasibətdə hesablanır və proqnozlaşdırılır. İstehsal olunan məhsullardan tutmuş, işsizlik müavinətinə kimi, həmçinin verilən pensiyaların məbləğinin müəyyən edilməsində açar rolu oynayır.
İqtisadi aspektdən nəzərdən keçirilərkən işəgötürənin, işçinin və cəmiyyətin mənafeləri ayrı-ayrılıqda diqqətə alınacaqdır.
İşəgötürən üçün əmək haqqı və onun müəyyən edilməsi, onun biznesinin qurulmasında və inkişaf etdirilməsində həyati əhəmiyyətə malikdir. Hər bir işəgötürən və ya yeni iş quran biznesmen quracağı və ya qurduğu işə işçilər cəlb etməmişdən öncə onun əmək haqqısını müəyyən etməlidir. Əmək haqqının müəyyən edilməsi prosesi artıq işəgötürənin nə dərəcədə peşəkar olduğundan xəbər verəcək. Çünki, vəzifəyə uyğun və ədalətli şəkildə ödənilən əmək haqqı işçilər tərəfindən görüləcək işin vicdanla, mükəmməl şəkildə və daha məsuliyyətli görülməsinə, işəgötürənin artıq xərclərdən azad olmasına gətirib çıxaracaq. Nəticədə hər bir işçi özünü hər ayın sonunda əmək haqqı hesablamalarına yox, özünü gördüyü işin doğru-düzgün yetirilməsinə fokuslandıracaq bu da nəticədə işəgötürənin marağına xidmət edəcək. Almaniyada ilk dəfə səkkiz saatlıq iş gününə keçən, alman mühəndis, iş adamı, Robert Bosch GmbH-un (ümumi halda Bosch) qurucusu Robert Boş əmək haqqı barədə aşağıdakı məşhur fikri vardır:
"Yaxşı maaş ödəyirəm ona görə yox ki,varlıyam.Varlıyam ona görə ki, yaxşı maaş ödəyirəm".
Cəmiyyət üçün əmək haqqının əhəmiyyəti böyükdür. Əmək haqqı cəmiyyətin özünün formalaşmasında, insanlararası münasibətlərdə özünü büruzə verir. Belə ki, əmək haqqı yüksək olan ölkələrə nəzər yetirsək, həmin ölkələrdə əhalinin yaşam səviyyəsindən tutmuş, mədəniyyətinə qədər necə yüksək dəyərlərə malik olduqlarını görərik. Nümunə ölkə kimi Norveçin adını xüsusi olaraq qeyd edə bilərik ki, bu ölkədə əmək haqqı çox yüksəkdir və buna nisbətdə də, ölkədə bir il ərzində bir cinayət işi olur və yaxud olmur. Yaxud Kanada, burada ümumiyyətlə bir il ərzində polisə əhalinin 1,3 %-i zəng vurur.
Göründüyü kimi əmək haqqının həyatımızda danılmaz əhəmiyyəti vardır. Əmək haqqı mövzusu çox geniş olduğundan yuxarıda ən əsas məqamlara, əmək haqqına hüquqi və iqtisadi aspektdən yanaşıldı. Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar habelə orta aylıq əmək haqqı barədə növbəti məqalələrimizdə yer veriləcək. Həmçinin xarici ölkələrdə minimum, orta əmək haqqlarının həddləri barədə də məlumat veriləcək.

Əmiraslan Yusifov

"BSC" MMC-nin hüquqşünası

http://bsc.az/

https://www.facebook.com/bsc.group.ltd

Məqalədə:
Xəbər lenti

Xəbər lenti