...

Dövlət başçısının fərman və sərəncamlarında nəzərdə tutulan artımlar gələn aydan ödəniləcək

Cəmiyyət Materials 26 Yanvar 2016 11:05 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin 25 yanvar 2016-cı il tarixli fərman və sərəncamlarında nəzərdə tutulan artımların gələn aydan ödənilməsinə başlanılacaq.
Dövlət başçısının fərman və sərəncamlarında nəzərdə tutulan artımlar gələn aydan ödəniləcək

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin 25 yanvar 2016-cı il tarixli fərman və sərəncamlarında nəzərdə tutulan artımların gələn aydan ödənilməsinə başlanılacaq.

Son on gün ərzində Azərbaycan Prezidenti tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 23 fərman və sərəncam imzalanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son günlərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzalanan çoxsaylı fərman və sərəncamlar yeni iqtisadi islahatlar mərhələsinə daxil olan ölkəmizdə eyni zamanda sosial siyasət kursunun da daim gücləndiyini təsdiq edir. Yanvarın 25-də dövlət başçısının sosial cəhətdən həssas kateqoriyalardan olan insanlara sosial ödənişlərin artırılması, habelə ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə növbəti fərman və sərəncamlar imzalaması vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasının aparılan siyasətin əsas istiqamətlərindən biri olduğunu təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin "1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və "1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" 25 yanvar 2016-cı il tarixli Sərəncamı həmin şəxslərə dövlət qayğısının artırılmasına yönəlib. Bu Sərəncamla qeyd olunan insanlara Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 110 manat müəyyən edilib. Sərəncam ümumilikdə 447 nəfər şəxsi əhatə edir və artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 49, 2 min manat əlavə vəsait ayrılacaq.

Dövlət başçısının "Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 25 yanvar 2016-cı il tarixli Fərmanı bu Fərmanda nəzərdə tutulan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Sənədə əsasən, həmin şəxslərə, yəni əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq, 2016-cı il fevralın 1-dən 66 manata çatdırılır. Fərmanın əhatə etdiyi şəxslərin sayı 18 525 nəfərdir. Qeyd olunan artım üçün dövlət büdcəsindən ilin sonunadək 1,2 milyon manat əlavə vəsait xərclənəcək.

Xatırladaq ki, dövlət başçısının "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" 19 yanvar 2016-cı il tarixli Fərmanı ilə sözügedən şəxslərə ödənilən aylıq sosial müavinətin məbləğinin də 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılması nəzərdə tutulub.

Azərbaycan Prezidentinin "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin artırılması və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə" 25 yanvar 2016-cı il tarixli Fərmanı ümumilikdə 869 nəfərə şamil olunacaq. Fərmanla özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə, himayəsində olan digər şəxslərə aylıq müavinətin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılır. Belə ki, bu aylıq sosial müavinətlər peşə əmək qabiliyyəti 29 faizədək itirildiyi halda - 33 manat, 30 faizdən 59 faizədək itirildiyi halda - 44 manat, 60 faizdən 79 faizədək itirildiyi halda - 55 manat, 80 faiz və daha çox itirildiyi halda isə 66 manat, işçi həlak olduqda isə 77 manat müəyyən edilib. Bu artımın təmin olunması üçün dövlət büdcəsindən ilin sonunadək 47,6 min manat əlavə vəsait ayrılacaq.

"Ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında" 25 yanvar 2016-cı il tarixli Sərəncam ölkəmizdə bütün sosial proqramlar kimi, ünvanlı dövlət sosial yardımı proqramının da uğurla davam etdirilməsinə, aztəminatlı ailələrin sosial müdafiəsinə Azərbaycan Prezidenti tərəfindən göstərilən xüsusi diqqət və qayğının növbəti ifadəsidir. Sərəncam mövcud iqtisadi şəraitdə ünvanlı dövlət sosial yardımı almaq üçün ailələr tərəfindən ediləcək müraciətlərin nisbətən artması nəzərə alınaraq imzalanıb. Bununla əlaqədar olaraq, Sərəncamda ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədi ilə cari ilin dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 (iyirmi) milyon manat ayrılması nəzərdə tutulub.

Dövlət başçısı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında", "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında", "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında" 25 yanvar 2016-cı il tarixli Sərəncamlar da imzalayıb. Ümumilikdə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə yalnız son on gün ərzində 23 Fərman və Sərəncamın imzalanması respublikada sosial rifah halının yüksəldilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu bir daha nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti