...

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 74 şəxsin yeri müəyyən olunub

Cəmiyyət Materials 26 Yanvar 2016 15:35 (UTC +04:00)
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 74 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 31 şəxsin yeri müəyyən olunub.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 74 şəxsin yeri müəyyən olunub

Bakı-Trend:

İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 74 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 31 şəxsin yeri müəyyən olunub. Trend-in məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov yanvarın 26-da Daxili İşlər Nazirliyinin yeni istifadəyə verilmiş konfrans zalında 2015-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bütövlükdə, axtarılan şəxslərin 69,1 faizi tutulub. Eyni zamanda, müxtəlif cinayətlər törətmiş 13.392, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2457 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib.

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizədə də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 842-si ağır və xüsusilə ağır növlər olmaqla 2637 cinayət törətmiş 923 cinayətkar qrup zərərsizləşdirilib.

Bildirilib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri müqayisə edilən dövrə nisbətdə 1,4 faiz çox olmaqla istintaqdan və məhkəmələrdən yayınan 2534 nəfər tutulub.

İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında görülən tədbirlərlə 12 faiz çox və ya 109 cinayət faktı müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 63 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Ötən il respublikanın hüquq mühafizə orqanları tərəfindən 31.300 cinayət faktının istintaqı aparılıb ki, onların 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Eyni zamanda, dəymiş maddi ziyanın ödətdirilməsi 0,9 faiz yaxşılaşaraq 79,1 faiz təşkil edib. Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş cinayət xarakterli məlumatların 88 faizi təhqiqatçılar tərəfindən araşdırılıb ki, bu da müqayisə edilən ilə nisbətdə 5 faiz çox olmaqla 54,2 faizi məhkəmələrə göndərilib.

Vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi üzrə fəaliyyət çərçivəsində 919.289 nəfər yeni nəsil ümumvətəndaş pasportu, 1.289.122 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Analoji iş Nazirliyin əməkdaşları tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində də məqsədyönlü surətdə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti