...

Son bir il: Dəmir yolunun yeniləşmə mərhələsi

Cəmiyyət Materials 8 Fevral 2016 11:26 (UTC +04:00)
Azərbaycanın nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir.
Son bir il: Dəmir yolunun yeniləşmə mərhələsi

Bakı. Trend:

Azərbaycanın nəqliyyat sisteminin əsas qollarından olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən irihəcmli islahatlar, bütün sahələrdə olduğu kimi, dəmir yolu nəqliyyatında da sürətlə həyata keçirilir.

Son vaxtlar dəmir yolunun həyatında bir canlanma hiss olunur. Bir il əvvəl Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin olunması ilə bu qurumun tarixində yeni era başlayıb. Son vaxtlar beynəlxalq maliyyə qurumları ilə daha da intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr dəmir yolunda islahatların aparılmasına öz müsbət təsirini göstərir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxlaq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də ciddi yanaşır. Bu yöndə XXI əsrin əsas tikintilərindən olan və təkcə üç xalqı və üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Bu il bağlantının istismara verilməsi gözlənilir.

Azərbaycanın önəm verdiyi digər beynəlxalq nəqliyyat layihələrindən biri də "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizidir. Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncam imzalamışdır. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələr səfərbər olunub.

Ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasında yüksək inkişafa nail olunmuş, həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın davamlı inkişafı üçün şərait yaratmışdır. Bu da, paytaxtımıza xarici ölkələrdən gələn vətəndaşların günbəgün artmasına səbəb olmuşdur.

Paytaxtımızın giriş qapısı sayılan Bakı sərnişin vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdır. Son bir ilin ən uğurlu işlərindən biri Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilməsi oldu. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə, yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcəkdir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək. Hazırda təmir işləri sürətlə davam edir. Yenidənqurma işləri bu il başa çatdırılıcaq.

Bakı və Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda olan tıxac problemini aradan qaldırmaq üçün bu iki şəhər arasında bir zamanlar mövcud olan dəmir yolu əlaqəsini yaratmaq zamanın tələbi idi. Bunun üçün, ilk növbədə, dəmir yollarının əsaslı təmirinə ehtiyac var idi.

3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilmiş, centyabrın 2-də işlər başa çatdırılmışdır. Layihə çərçivəsində Bakı sərnişin, Keşlə, Xırdalan, Sumqayıt sərnişin stansiyalarının stansiya yolları və yoldəyişənləri yenilənmiş, Bakı-sərnişin və Sumqayıt-sərnişin stansiyalarında turnıketlər və pos-terminallar quraşdırılmışdır.

Onu da qeyd edək ki, hələ 13 may 2015-ci ildə Bakıda "Stadler Rail Group" şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalamışlar.

21 may 2015-ci ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavoduda olmuş, Azərbaycan Dəmir Yolu üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına baxış keçirmişdir.

Elektrik qatarının üçü Bakı sərnişin stansiyasına gətirilmişdir. Daha iki qatar da ölkəmizə gətiriləcək.

Sentyabrın 12-də Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yolasalma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Dəmir Yolunun vaqon və lokomotiv parkının yenilənməsi istiqamətində atılan mühüm addımlar olduqca təqdirəlayiqdir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. Bu həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.

2015-ci ilin mart ayında "Azərbaycan Dəmir Yolları" QSC ilə Rusiya Federasiyasının F. Dzerjinski adına "Uralvaqonzavod" Elmi-İstehsal Korporasiyası arasında 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanmış, artıq bu günə kimi ölkəyə 3030 yeni yuk vaqonu gətirilmişdir. Qalan 70 vaqonun da yaxın bir ay ərzində gətirilməsi nəzərdə tutulur.

Fransanın ALSTOM şirkəti ilə 50 ədəd yük və sərnişin lokomotivinin alınması üçün müqavilə imzalanmışdır. Qazaxstandan 10 ədəd teplovozun alınması da gündəmdədir. Artıq teplovozlardan beşi ölkəmizə gətirilmişdir. Bu günlərdə yük daşımalarinda istifadə olunacaq, sabit cərəyanla işləyən 4 ədəd elektrovoz alınmışdır. Həmin elektrovozlar elektron sürətölçən və müasir dartı mühərriki ilə təchiz edilmişdir.

Hazırda Bakı-Böyük-Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Layihənin birinci mərhələsi Böyük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə-Ucar, üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə edir. Bu sahələr üzrə artıq 12 yeni yarımstansiya tikilmişdir. Hazırda tamamlama işləri görülür. Eyni zamanda kontakt şəbəkəsində dayaqların quraşdırılması, kontakt naqillərının çəkilməsi davam edir.

Dövlət Proqramı çərçivəsində dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə edilməsi ilə əvəzlənməsi işləri davam edir. Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

Son bir il ərzində tranzit potensialının artırılması istiqamətində olduqca uğurlu addımlar atılır.

2015-ci il avqustun 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə "Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı" istiqamətində hərəkət edən "Nomand ekspress" ilk sınaq konteyner qatarı Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdı. Çindən gələn ilk konteyner qatarı Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin səyi nəticəsində mümkün olub.

Bu il yanvarın 15-də Ukraynanın İliçevsk limanından yola düşən sınaq xarakterli kontüyner qatarı Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə hərəkət edərək fevralın 2-də Cinə çatmışdır. Onu da qeyd edək ki, sınaq qatarı Azərbaycan ərazisindən, heç bir ləngiməyə yol verilmədən, 17 saat ərzində yola salınmışdır.

Son bir il ərzində dəmir yollarının əsaslı təmiri də diqqət mərkəzində olmuşdur. 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında "Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır. Bu sazişə əsasən, Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilmişdir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb. Bu günə kimi 48 km dəmir yolu əsaslı təmir olunmuşdur.

Bunlar son bir il ərzində dəmir yolunun yeniləşdirilməsi istiqamətində görülən işlərin tam siyahısı deyil. Yeniləşmə prosesi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti