...

Müqavilənin “Ümumiləşdirici” bəndi

Cəmiyyət Materials 10 Fevral 2016 12:47 (UTC +04:00)
Müqavilə şərtləri razılaşdırılan zaman insanlar bəzən, məsələn əlaqədar şəxsin simasında telefon və ya elektron poçt vasitəsi ilə yazılı müqavilədə nəzərdə tutulmayan, məzmunu belə müqavilədən kənara çıxan öhdəliklər götürürlər.
Müqavilənin “Ümumiləşdirici” bəndi

Bakı. Trend:

Müqavilə şərtləri razılaşdırılan zaman insanlar bəzən, məsələn əlaqədar şəxsin simasında telefon və ya elektron poçt vasitəsi ilə yazılı müqavilədə nəzərdə tutulmayan, məzmunu belə müqavilədən kənara çıxan öhdəliklər götürürlər.

Belə öhdəliklərin tərəflər arasındakı sövdələşmənin, həqiqətən də, bir hissəsi olub-olmaması ziddiyyət və anlaşılmamazlıqlara gətirib çıxara bilər. Odur ki, hər hansı müqaviləni hazırlayarkən həmin müqavilənin tərəflər arasındakı anlaşmanın bütün maddi şərtlərini əks etdirib-etdirmədiyindən əmin olmaq çox vacibdir. Bu cür ziddiyyətlərin qarşısını almaq, şifahi öhdəliklər ilə bağlı iddialardan qorunmaq üçün tərəflərin müqaviləyə hüquqda "ümumiləşdirici", yaxud da "birləşdirici" bənd adı verilən müddəanı daxil etmələri məqsədəuyğundur. Ümumiləşdirici bənd, müqavilənin onu imzalayan tərəflərin anlaşmasının yekun ifadəsi olduğunu və həmin müqavilə bağlananadək şifahi və ya yazılı qaydada müzakirə olunub-olunmamasından asılı olmayaraq, həmin müqavilədə əksini tapmayan hər hansı digər məsələnin müqavilənin tərkib hissəsini təşkil etmədiyini özündə ehtiva edir. Ümumiləşdirici bəndin effektivliyi ondan ibarətdir ki, o, əvvəlki müzakirələri və danışıqları vahid yekun sənəddə yığcamlaşdırır. Qısa bir ümumiləşdirici bənd nümunəsinə nəzər salaq:

"Bu müqavilə, tərəflərin aidiyyatı məsələ ilə əlaqədar bütün əvvəlki danışıqlarını və razılaşmalarını əvəz edən bütöv razılaşmadır."

Aşağıda göstərilən misal, ümumiləşdirici bəndin nəyə görə müqaviləyə daxil etmək üçün əlverişli şərt olduğunu başa düşməyə kömək edə bilər. Tutaq ki, kənar proqram təminatçısı potensial müştəri ilə iş barədə müzakirə aparır. Onlar sövdələşmənin əsaslarını - işin məzmununu, qiymətlərini, icra müddətini və s. razılaşdırmaq üçün telefon danışığı aparırlar. Danışıq əsnasında müştəri müvafiq proqramın təhvil verilməsindən sonra məhsul ilə bağlı 2 həftə müddətinə dəstəyin (köməyin) təmin edilib-edilməyəcəyini soruşur. Təminatçı isə təxminən buna bənzər bir cavab verir: "Əlbəttə, əgər həmin vaxta həddən çox işim olmasa, bu, problem deyil." Telefon zəngindən sonra təminatçı müştəriyə sövdələşmənin şərtlərini ehtiva edən müqavilə göndərir. Lakin orada məhsul (proqram) üzrə dəstəyin verilməsi ilə bağlı heç nə yazılmayıb. Müştəri də buna diqqət yetirmir və ya əhəmiyyət vermir, beləliklə, heç bir dəyişiklik etmədən müqaviləni imzalayır.

İndi isə proqramın təhvil verilməsindən sonrakı dövrə nəzər salaq. Müştəri təhvil verilən proqramdan razıdır, lakin o, indi təminatçının məhsul (proqram) üzrə dəstək vermək üçün gəlməsini gözləyir. Təminatçı isə, öz növbəsində, müştəriyə çox məşğul olduğu və dəstək göstərə bilməyəcəyi barədə məlumat verir. Müştəri, "Siz bunu edəcəyinizə söz vermişdiniz, bu bizim sövdələşmənin bir hissəsi idi" - deyə etiraz edir. Təminatçı isə bunu başqa formada xatırladır - o demişdi ki, bunu yalnız vaxtı olarsa icra edəcək idi və məlum olur ki, onun vaxtı yoxdur.

Beləliklə, dilemma yaranır - iki tərəf arasında nəyin necə razılaşdırıldığı barədə narazılıq var və müqavilə məhsul dəstəyi məsələsi ilə bağlı "susur", bu, bir insanın sözünün digər insanın sözü ilə qarşıdurmasıdır. Lakin əgər onların müqaviləsində ümumiləşdirici bənd nəzərdə tutulsa idi, həmin bənd, müqavilədən kənar bəyanatların həmin müqavilənin tərkib hissəsi olması imkanını aradan qaldırması səbəbi ilə problem tam həll edilərdi.
Hüquqi nöqteyi-nəzərdən, əgər mübahisə məhkəməyə gedərdisə, ümumiləşdirici bənd, hər hansı tərəfin, müqavilədən kənar sübut gətirməklə, razılaşmaya dair digər hissələrin də olduğunu iddia etməsinin qarşısını alardı. Bu, məhkəməni yalnız yazılı müqaviləyə baxmağa əhəmiyyətli dərəcədə vadar edir. Doğrudur, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi sübutun heç birinin (həmçinin heç bir növünün) əvvəlcədən müəyyən edilmiş üstünlüyünün olmadığını müəyyən edir. Lakin ümumiləşdirici bəndin mövcudluğu müqavilədə yazılan şərtlərin üstünlüyünü prima facie isbat edir.
Ümumi hüquq (Common law) ölkələrində isə qüvvəyə minmiş yekun müqavilənin şərtlərinin üstünlüyünü birbaşa bəyan edən "parol evidence rule" (şifahi sübut (etmə) qaydası) hüququn əsas prinsiplərindən biri hesab olunur. Bu da, ilk növbədə, ümumi hüququn beşiyi sayılan İngiltərədə hüquqi adətlərin formalaşmasındakı fərqlilikdən, şifahi və yazılı əqdlərin bağlanması zamanı belə əqdlərin hüquqi nəticələrinin, uzaqgörənliklə, əvvəlcədən təhlil edilməsindən, mülki əqdlərin əksər növlərinin bağlanması zamanı yazılı təsdiqetmənin vacibliyinin düzgün dərk edilməsindən irəli gəlir. Məhz bu keyfiyyətlər sonradan dünyanın bir çox ölkələrində müsbət qarşılanaraq, ictimai münasibətlərdə yazılı əqdlərin bağlanması ənənəsinin inkişafına təkan vermişdir.

Ümumiləşdirici bəndin praktiki nəticəsi odur ki, o, hansısa şərtin müqavilənin tərkib hissəsi olmasını arzu etdikləri təqdirdə, bu şərtin müqavilədə yazıldığından əmin olmağın vacibliyini müqavilənin tərəflərinə aydın şəkildə izah edir. Yuxarıdakı misalda göstərilən halda, əgər müştərinin məhsul (proqram) dəstəyi gözləntisi var idisə, o, imzalamazdan əvvəl bunu müqaviləyə daxil etməli idi.

Söhbət ümumiləşdirici bənddən gedirsə, burada bir mühüm məqama diqqət yetirmək zəruridir - "aldatmaqla sövqetmə"nin mümkünlüyünə. Misalımıza geri qayıdarsaq, müştəri proqram təminatçısı ilə bağladığı müqavilənin əsas səbəbi kimi məhsul dəstəyi barədə vədin verilməsini göstərə, daha sonra isə təminatçının, əslində, heç vaxt belə vədi yerinə yetirmək niyyətinin olmadığını iddia edə bilər. Başqa sözlə, müştəri təminatçının onu aldatmaqla müqaviləni imzalamağa sövq etdiyini iddia edə bilər.

Aldatmaqla sövqetmə iddiasının əsaslı hesab edilməsi, zərərçəkmiş tərəfin aldadan olması iddia edilən tərəfin yalan təqdimatına inanması (etibar etməsi) da daxil olmaqla, bir sıra əsasların göstərilməsini tələb edir. Həmçinin, müştəri qeyd edə bilər ki, ümumiləşdirici bəndin müqavilədə olması və onun konkret məzmunu da məhz belə etibarın ifadəsidir. Belə hallarda, müqavilədən kənar bütün bəyanatlara istinad etmə imkanını istisna edən "sadə" ümumiləşdirici bənd, aldatmaqla sövqetmə iddialarından müdafiə olunmaq üçün o qədər də effektiv müdafiəni təmin etməyə bilər. Lakin məzmununda iddiaçı tərəfin yalan (aldadıcı) olmasına istinad edə bilməsini istisna edən "xüsusi" ümumiləşdirici bənd belə iddialardan qorunmaq üçün etibarlı vasitə ola bilər.

Aqil Mirzəyev

"BSC" MMC-nin Müqavilələr üzrə hüquqşünası

http://bsc.az/
https://www.facebook.com/bsc.group.ltd

Məqalədə:
Xəbər lenti

Xəbər lenti