...

Baş məşqçi: Azərbaycanlı gimnastlar Bakıda Dünya Kubokuna tam hazırdırlar

Cəmiyyət Materials 20 Fevral 2016 18:39 (UTC +04:00)
Azərbaycanlı gimnastlar Bakıda Dünya Kubokunun final yarışlarına tam hazırdırlar.
Baş məşqçi: Azərbaycanlı gimnastlar Bakıda Dünya Kubokuna tam hazırdırlar

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanlı gimnastlar Bakıda Dünya Kubokunun final yarışlarına tam hazırdırlar. Bunu Trend-ə idman gimnastikası üzrə Azərbaycanın kişilərdən ibarət yığmasının baş məşqçisi Pavel Netreba deyib.

O bildirib: "Heç bir proqnoz vermək istəmirəm, yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Uşaqlar mənəvi və fiziki cəhətdən hazırdırlar, buna görə də bu gün istirahət edəcəyik, sabah isə təzə qüvvə ilə döyüşə atılacağıq".

P. Netreba qeyd edib ki, idmançıların nəticələri ümumilikdə pis deyildi: "Azərbaycanlı gimnastlar istənilən idmançılarla rəqabət aparmaq gücündədirlər. Bu, cari ildə ilk startdır. Nəsə alındı, nəsə yox. Məşqçi yəqin ki, heç vaxt yetirmələrindən 100 faiz razı qalmır. İdmançılarımızın səviyyəsi olduqca yüksəkdir. Əgər idmançılarımız bacardıqlarını edə bilsələr, onlar istənilən idmançılarla rəqabət aparmaq gücündədirlər".

İdman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku fevralın 19-21-də 2015-ci ildə İlk Avropa Oyunları zamanı altı gimnastika növünə ev sahibliyi etmiş Milli Gimnastika Arenasında keçirilir. Kubokda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparır, ümumilikdə isə yarışlarda 19 ölkədən idmançı iştirak edir.

İdman yarışlarının ilk iki günündə kişi və qadın gimnastları arasında Kubokun təsnifat mərhələləri, sonuncu günü isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.

Favoritlər arasında Dünya Çempionatının parallel qollar üzərində bürünc medalçısı, Bakı-2015 İlk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır. Qadınlar arasında Azərbaycanı Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti