...

"Cümə" məscidini yandıran dəstə üzvü son söz dedi

Cəmiyyət Materials 22 Fevral 2016 14:08 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Qaraçuxurda məscidi yandırmaqda təqsirləndirilərək həbs edilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, prosesdə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxs E.Ələkbərov son söz deyib. O, çıxışında günahın olmadığını qeyd edib: "Hadisə günü Manaf adlı dostumuzgildə oturmuşduq. Yeyib-içdik. Sonra Namiqlə birlikdə taksiyə mindik. Namiq yoldan benzin aldı getdik məscidə. O, düşüb məscidə gedib qaça-qaça geri qayıtdı. Bildim ki, məscidi yandırmağa gedibmiş. Günahım elə odur ki, bunu bilib gizlətdim".

Digər təqsirləndirilən N.Nəsibov isə dərmanlarını qəbul etmədiyini üçün, son sözə vaxt istəyib. Məhkəmə prosesi fevralın 29-da davam edəcək.

Xatırladaq ki, prokuror çıxışında məhkəmədən N.Nəsibovun 17 il , E.Ələkbərovun isə 16 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən "Cümə" məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə qablar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nəsibov Namiq və Ələkbərov Elnur saxlanılıblar. Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında "PKK" terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə "PKK" terrorçu təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi "Yekbun" təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti