...

Bilik Fondu "Azərbaycan dili” kurslarının ilk müdavimlərini yola saldı (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2016 17:48 (UTC +04:00)
Azərbaycan bizim vətənimizdir. Biz bu torpaqda yaşayırıq. Düşünürəm ki, Azərbaycanın dilini, mədəniyyətini də öyrənməliyik.
Bilik Fondu "Azərbaycan dili” kurslarının ilk müdavimlərini yola saldı (FOTO)

Bakı. Trend:

"Azərbaycan bizim vətənimizdir. Biz bu torpaqda yaşayırıq. Düşünürəm ki, Azərbaycanın dilini, mədəniyyətini də öyrənməliyik. Azərbaycan dilini az-çox anlayırdım, amma danışmaqda çətinlik çəkirdim. Bilik Fondunun Rus Pravoslav kilsəsi ilə birgə keçirdiyi bu kurslar bizə geniş imkanlar yaratdı. Maraqlı dərslərə, ekskursiyalara, qatıldığımız mədəni tədbirlərə görə sağ olun deyirəm". İqor Yakovlev Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Azərbaycan dilini öyrənirik" layihəsi əsasında fəaliyyət göstərən kursun ilk müdavimlərindəndir. Artıq Azərbaycan dilində sərbəst danışa bilir. Bu gün İqorla yanaşı, kursun 40 nəfər dinləyicisinə sertifikatlar təqdim olundu. Onların içərisində 18 yaşından tutmuş 80 yaşınadək Azərbaycan dilini öyrənmək istəyən rusdillilər var.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Rus Pravoslav kilsələrində "Azərbaycan dilini öyrənirik" layihəsi həyata keçirir.

Layihəyə əsasən, kilsədə rusdilli əhali üçün ödənişsiz Azərbaycan dili kursları təşkil olunur. Kilsənin də dəstək verdiyi təlimlərə qatılmaq istəyənlərin sayı 300-dən çoxdur. İlkin mərhələdə 2015-cü ilin fevralından Mixail-Arxangel Kilsəsində təlimlər keçirilib. Dinləyicilərə müsabiqə yolu ilə ali və orta məktəblərdən seçilmiş təcrübəli müəllimlər dərs deyiblər.

"Azərbaycan dilini öyrənirik" layihəsinin əsas qayəsi multikulturalizmin həyat tərzi olduğu Azərbaycanda yaşayan, Azərbaycan dilini öyrənmək arzusunda olanlara kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsipləri aşılamaqdır.

"Jen Mironosets" Pravoslav kafedral kilsəsində müxtəlif millətlərdən olan rusdilli vətəndaşlarımız üçün Azərbaycan dili kurslarının açılış mərasimində Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov da iştirak ediblər. Bu layihənin Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanundan irəli gəldiyini vurğulayan icraçı direktor O.Səmədov rusdilli vətəndaşların Azərbaycan dilini öyrənmək həvəsini və istəyini yüksək qiymətləndirib.

Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Bilik Fondunun həyata keçirdiyi bu layihənin Azərbaycanda yaşayan rusdilli əhali arasında geniş yayılacağına və rəğbətlə qarşılanacağına əminliyini bildirib: "Rusdilli əhaliyə Azərbaycan dilini tədris etməklə bu ölkənin multikultural dəyərlərini, tarixini, mədəniyyətini də təbliğ etmiş oluruq".

Yeparxiyanın başçısı Azərbaycanın digər bölgələrində - Gəncədə, Xaçmazda, Sumqayıtda fəaliyyət göstərən kilsələrdə də belə kursların açılmasını təklif edib.

Kursun müəllimi Rüzgar Xəlilova dinləyicilərə təkcə Azərbaycan dilini öyrətməklə kifayətlənmir, onlara mədəniyyətimiz, tariximiz, ədəbiyyatımızla bağlı, ölkəmizin əsrlərdən bəri sadiq qaldığı multikultural dəyərlərdən bəhs edir.

Bilik Fondunun "Azərbaycan dilini öyrənirik" layihəsinin iştirakçıları - 18 yaşlı Denis Danilov, 70 yaşlı İrina Epshteyn, 74 yaşlı Nina Qaldobina, 80 yaşlı Arnold Zelikman Rus Pravoslav kilsəsində keçilən keçilən dərslərlə yanaşı, maraqlı tarixi məkanlara, muzeylərə təşkil olumuş ekskursiyalardan, Bilik Fondunun digər mədəni tədbirlərindən geniş məlumat və böyük zövq aldıqlarını deyirlər.

Bilik Fondunun bu layihəsi ziyalıların da böyük marağına səbəb olub.

Onu da deyək ki, Bilik Fondunun "Azərbaycan dilini öyrənirik" layihəsi davamlıdr, perspektivdə kurslarlın digər kilsələrdə də keçirilməsi durur. Buna cəmiyyətdən gələn sosial sifariş əsas verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti