...

Məktəblilər üçün ekoloji tədris proqramı davam etdirilir (FOTO)

Cəmiyyət Materials 30 Mart 2016 19:18 (UTC +04:00)
“Ətraf mühiti birgə qoruyaq” mövzusunda ekoloji tədris proqramı davam edir.
Məktəblilər üçün ekoloji tədris proqramı davam etdirilir (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birlikdə məktəblərdə ekoloji maarifləndirmənin daha da gücləndirilməsi, insanların ətraf mühit problemlərinin həllinə erkən yaşlarından cəlb edilməsi məqsədilə başladığı "Ətraf mühiti birgə qoruyaq" mövzusunda ekoloji tədris proqramı davam edir.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, proqramın mart ayı təlimləri "Tullantıların idarə olunması" mövzusuna həsr olunub. Tullantılara həsr olunmuş təlimlər Bakı şəhəri, Vüqar Sadıqov adına 214 nömrəli məktəbdə və Humanitar fənnlər təmayüllü Respublika gimnaziyasında və Fizika-riyaziyyat və informatika təmayüllü liseydə isə növbəti həftə təşkil edilib.

Nəzəri və praktiki hissələrdən ibarət olan təlimin nəzəri hissəsində şagirdlərə tullantılar, onların ətraf mühitə təsiri, tullantıların çeşidlənməsi və təkrar emalı, məişət tullantılarının azaldılması üsulları, utilizasiya, bərk məişət tullantıları və Azərbaycanda məişət tullantıları probleminin həlli yolları, təhlükəli çirkləndiricilərin növləri ilə bağlı geniş məlumat verilib. Praktiki iş zamanı isə şagirdlər tullantılar mövzusunda interaktiv çalışmalar, onların azaldılması və təkraristifadə ilə bağlı təcrübələr, qrup şəklində iş, krossvord və testlərin həlli, viktorinalara cəlb olunublar.

Həmçinin bu ayın mövzusuna uyğun olaraq, şagirdlərin Qala qəsəbəsində yerləşən "Tullantıdan sənətə" muzeyinə və "Azərbaycan kağız və karton istehsalı kombinatı"na ekskursiyası təşkil edilib.

Ümumiyyətlə, 2016-cı il ərzində "Ətraf mühiti birgə qoruyaq" proqramı çərçivəsində Bakı şəhəri üzrə digər pilot orta məktəblərdə fəaliyyət göstərən "Ekoklub" üzvləri üçün də ekologiyanın əsasları, bitkilərin və heyvanların ekologiyası, insan ekologiyası, urboekologiya və ya gələcəyin şəhərləri, iqlim dəyişmələri, alternativ enerji, tullantıların idarə olunması, biomüxtəliflik və onun qorunması, meşə ekologiyası, ekoloji yaşıl turizm və s. kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlərin təşkil edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti