...

Azərbaycanın elmi ictimaiyyəti Milli Ordumuzla həmrəyliyini nümayiş etdirib

Cəmiyyət Materials 6 Aprel 2016 16:52 (UTC +04:00)
Azərbaycanın elmi ictimaiyyəti təmas xəttində uğurlara nail olan Milli Ordumuzla həmrəyliyini nümayiş etdirib.
Azərbaycanın elmi ictimaiyyəti Milli Ordumuzla həmrəyliyini nümayiş etdirib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın elmi ictimaiyyəti təmas xəttində uğurlara nail olan Milli Ordumuzla həmrəyliyini nümayiş etdirib.

Trend-in məlumatına görə, bununla bağlı bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Azərbaycan ordusunun zəfəri: inam və dəstək" mövzusunda keçirilən tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib ki, hazırda Azərbaycan müstəqillik dövrünün ən şərəfli və məsuliyyətli dövrünü yaşayır.

İ.Həbibbəyli qeyd edib ki, aprel ayının əvvəllərində Ermənistan silahlı bölmələrinin törətdiyi təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələri düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirib, strateji yüksəklikləri azad edib.

Aklademik bildirib ki, aprelin əvvəllərində qazandığımız qələbə Ermənistan ordusunu geri çəkilməyə məcbur etdi. İ.Həbibbəyli hesab edir ki, qazandığımız bu zəfər Ermənistan üzərində çox yaxın vaxtda böyük qələbə çalınacağına, Dağlıq Qarabağın işğaldan azad olunacağına təminatdır: "Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında dediyi kimi, biz zəfər qazanmışıq. Bu mühüm qələbə itkisiz qazanılmayıb. Azərbaycan Ordusu itkilər verib, şəhidlərimiz var".

Akademik, millət vəkili Əhliman Əmiraslanov deyib ki, Azərbaycan Ordusunun əldə etdiyi zəfər ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində atılmış ciddi addımdır: "Hətta Ermənistanla bir blokda olan ölkələr də Azərbaycanın uğurunu dəstəkləyir. Ermənilərin müttəfiqləri belə, əvvəlki kimi onların müdafiəsinə qalxmadı. BMT baş katibinin müraciəti çox neytral idi".

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov isə qeyd edib ki, aprelin əvvəllərində təmas xəttində ilk dəfə inamlı zəfər çalınıb: "Bu gün ziyalılar, gənclik - hər kəs ayaq üstdədir. Bu qələbələrdən sonra döyüşlərdə şəhid olmuş valideynlər övladlarının tabutuna sarılmış Azərbaycan bayraqlarını təhvil alarkən "Vətən sağ olsun!" deməyi bacardılar. Şəhidlər öz qanları ilə Azərbaycan xalqını birləşdirdilər. Xüsusi qeyd edim ki, bu qələbədə Azərbaycan elminin də öz rolu var. Biz Azərbaycan tarixçiləri Prezident İlham Əliyevi dəstəkləyirik".

Y.Mahmudov Azərbaycan-Türkiyə birliyinin əhəmiyyətindən də da danışıb. O, əlavə edib ki, hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyə Azərbaycana dayaq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti