Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda lisey və gimnaziyaların 1-ci sinfinə şagird qəbulu üçün müraciət vaxtı artırıldı.
Bakı şəhəri üzrə Təhsil idarəsindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri üzrə 1-ci sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək aparılan elektron qeydiyyat yekunlaşıb.
Lakin valideynlərin çoxsaylı müraciətlərinə əsasən, lisey və gimnaziyaların 1-ci sinfinə elektron qeydiyyatın vaxtı bu gündən etibarən bir neçə gün artırılıb.
Belə ki, 1-ci sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat 10 aprel saat 00:00-dək davam edəcəkdir.
Qeyd edək ki, seçim üçün müsabiqələr (imtahanlar) aprelin 15-dən mayın 15-dək həyata keçiriləcəkdir.