Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda 2016-2017-ci tədris ili üçün I sinfə qəbul məqsədilə haqqında sorğu yerləşdirilmiş uşaqlar arasında yaşı tamam olmayanlarla yanaşı, məktəbə müraciət yaşı gecikmiş uşaqlar da var. Bunu Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Arzu Tairquliyeva bildirib.
Onun sözlərinə görə, 8 yaşdan yuxarı 28 uşaq üçün mektebeqebul.edu.az saytı vasitəsilə müraciət edilib. Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunacaqlar.
Qeyd edək ki, təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş nümunəvi tədris planları əsasında aparılır. Tədris planında nəzərdə tutulan fənlər üzrə proqramlar müəyyən edilmiş saatlara uyğunlaşdırılır. Xüsusi istedadlı təhsil alanlar üçün fərdi təhsil proqramları Təhsil Nazirliyinin tövsiyələri əsasında yerli təhsili idarəetmə orqanları tərəfindən hazırlanıb təsdiq olunur. Fərdi təhsil aparan pedaqoji işçilərin və digər mütəxəssislərin əməkhaqqının ödənilməsi dövlət büdcəsindən təhsilə ayrılmış müvafiq büdcə vəsaiti çərçivəsində həyata keçirilir. Fərdi təhsil həftədə 4 gün təşkil olunur.
Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə uyğun olaraq, ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqlar qəbul edilir. "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na görə, 6 yaşı dekabrın 31-dək tamam olan uşaqlar da müsahibə əsasında I sinfə qəbul oluna bilər. Son iki ildə Azərbaycanda 30 minə yaxın uşaq (2014-cü ildə 15 minə yaxın, 2015-ci ildə 15 min uşaq) 1-ci sinfə ən azı 1 il gec qəbul olunub.
Təhsil nazirinin müavini Ceyhun Bayramov uşaqların məktəbə gec getməsini ciddi bir problem sayıb.
Belə uşaqların məktəbə gələnlərin 10 faizini təşkil etdiyini deyən nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi bu problemin öhdəsindən təkbaşına gələ bilməz: "Bu məsələnin həlli üçün Təhsil Nazirliyinin imkanları kifayət qədər məhduddur. Biz aidiyyəti qurumlarla, yerli icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edirik ki, belə halların qarşısını alaq və sayı maksimum dərəcədə azaldaq. Çünki kimsə təhsildən kənarda qalırsa, Təhsil Nazirliyi həmin şəxslə bağlı tərbiyə, tədris işi apara bilmir".