Bakı. Trend:
Aprelin 22-də Azərbaycan Dillər Universitetində Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda universitetin pedaqoji heyəti, tələbələr, psixoloq və narkoloqlar da iştirak ediblər.
Tədbirdə Azərbaycan Dillər Universitetinin pedaqoji fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov giriş sözü ilə açaraq toplantının məqsədini və müzakirə ediləcək mövzuları elan etdi.
Sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, hüquq üzrə fəlsəfə doktoru Hikmət Eyvazov "Yetkinlik yaşına çatmayanlar və gənclər arasında radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində polisin rolu" mövzusunda çıxış edərək tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olan məsələ olduğunu iştirakçıların nəzərinə çatdırdı.
Respublika Narkoloji Mərkəzinin narkoloq-həkimi Asif Kəngərli "Narkotiklər haqqında nə bilirik?" mövzusunda, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov isə "Yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması" və "Yetkinlik yaşına çatmayanların və gənclərin cinayətə meyillikərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi sahəsində daxili işlər orqanlarının rolu" mövzularında çıxışlar etdilər.
Mövzular ətrafında universitetin müəllimləri və digər şəxslər çıxış etdilər, sonra geniş diskussiyalar keçirildi, tələbələri maraqlandıran suallar ətraflı cavablandırıldı. İştirakçılara müzakirə edilən mövzularla bağlı videoçarx nümayiş etdirildi, broşura, jurnal və kitablar paylanıldı.