...

IDEA Yer Günündə - gənclərlə birgə (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2016 17:35 (UTC +04:00)
22 aprel 2016-cı il tarixində IDEA İctimai Birliyi tərəfindən “Yer Günü”nə həsr olunmuş təlim keçirilib.
IDEA Yer Günündə - gənclərlə birgə (FOTO)

Bakı. Trend:

22 aprel 2016-cı il tarixində IDEA İctimai Birliyi tərəfindən "Yer Günü"nə həsr olunmuş təlim keçirilib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, Zirə Mədəniyyət Mərkəzində yerləşən IDEA-nın Resurs Mərkəzində keçirilən təlimdə ətraf mühit, ekologiya və davamlı inkişaf sahələri üzrə təhsil alan və ya bu sahələrdə çalışan 40 nəfərə yaxın gənc iştirak edib.

Nəzəri və praktiki hissələrdən ibarət olan təlimin ilk hissəsində ağac və kol bitkilərinin, müxtəlif növ güllərin düzgün əkilmə qaydaları, ağacların calaq edilməsi, təhlükəsiz qaydada budanması, ağac və kol bitkilərinin növlərinə uyğun düzgün suvarılma qaydaları, gübrələmə prosesi və ümumilikdə düzgün qulluqla bağlı digər bir sıra məlumatlar verilib. Nəzəri hissənin yekununda iştirakçılarla mövzu ətrafında müzakirələr və sual-cavab sessiyası keçirilib.

Praktiki hissə zamanı isə, iştirakçıların Zirə Mədəniyyət Mərkəzi - Eko-parkda, həmçinin Quş parkında infoturu təşkil olunub. Daha sonra gənclərlə birgə Zirə Mədəniyyət Mərkəzi - Eko-parkın ərazisində ağaclar və müxtəlif güllər əkilmiş və qulluq göstərilib.

Qeyd edək ki, Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın açılışı 30 dekabr 2015-ci il tarixində olub. Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetrdir. Mərkəzdə IDEA İctimai Birliyinin Resurs Mərkəzi ilə yanaşı, Zirə xalça muzeyi, elektron kitabxana, xarici dil kabineti, şahmat sinfi, moda studiyası, 3D kinozalı, gimnastika zalı, Orxideya Evi və s. mövcuddur.

Təşkil olunan təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, onların yaşıllıqların salınması və onlara qulluq göstərilməsi ilə bağlı biliklərinin dərinləşməsinə xidmət edib.

IDEA mütəmadi olaraq ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzulu filmlər, söhbət klubları və kurslar təşkil edir.

Tədbirlər barədə elanlar ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (http://www.ideacampaign.az/, www.facebook.com/ideacampaignhttp://instagram.com/idea_public_union) vasitəsilə çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti