Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda İİV-ə homoseksual yolla yoluxanların sayı artıb.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov Trend-ə bildirib ki, 2012-ci ildə homoseksual yolla İİV-ə yoluxan insanların sayı 12 (12-i də Azərbaycan vətəndaşı), 2013-cü ildə 11 (10-u Azərbaycan vətəndaşı, 1-i xarici vətəndaş), 2014-cü ildə 11 (10-u Azərbaycan vətəndaşı, 1-i xarici vətəndaş), 2015-ci ildə 31 nəfər (hamısı Azərbaycan vətəndaşı) olub. Bu da ölkədəki 2015-ci ildəki bütün yeni yoluxma hadisələrinin 4,4 faizini təşkil edib.
N.Zülfüqarovun sözlərinə görə, 1987-2013-cü illər ərzində İİV-ə yoluxanların ümumilikdə 1,2 %-i bu virusa homoseksual yolla yoluxub. 1987-2015-cü illər ərzində isə İİV-ə yoluxmaların 2 %-i homoseksual yolla olub.
O qeyd edib ki, Azərbaycanda 1987-2015-ci illər ərzində homoseksual yolla İİV-ə yoluxanların sayı 94 nəfər olub. Onların da 92-si Azərbaycan vətəndaşı olub. 2015-ci ildə İİV-ə yoluxanların 4,4 %-də virusa yoluxma homoseksual yolla olub.
N.Zülfüqarov bildirib ki, Qərbi Avropa ölkələrində İİV ən çox homoseksual yolla (50 faizdən çox) yayılır: "Mərkəzi Avropa ölkələrində isə İİV-in daha çox yayılması yolu heteroseksual (kişidən qadına, qadından kişiyə) yoldur. Azərbaycanda isə 1987-ci ildən indiyədək aşkar olunan halların 49,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Narkomanlar arasında aparılan tədbirlər nəticəsində İİV-in inyeksion yolla ötürülməsi halları azalsa da, cinsi yolla yoluxma halları olur. Xəstəliklərin cinsi yolla yayılması barədə insanların bilikləri çox zəifdir, buna görə də təhlükəli cinsi əlaqənin olmaması üçün qoruyucudan istifadə etmirlər".
N.Zülfüqarovun sözlərinə görə, bütün dünyada aparılan araşdırmalar da göstərir ki, heteroseksual yola nisbətən İİV-ə homoseksual yolla yoluxma daha yüksəkdir.
Şöbə müdiri deyib ki, Azərbaycanda bir şəxs iki nəfəri İİV-ə yoluxdurubsa, o, ən azı 3 ilədək, 2-dən çox insanı yoluxdurubsa, 7 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
N.Zülfüqarov qeyd edib ki, homoseksuallar konkret olaraq, seks-biznes fəaliyyəti ilə məşğul olan insanlardır: "Çox açınacaqlı hal budur ki, Azərbaycanda bu yola gedən insanlar əsasən, seks-bizneslə məşğul olurlar".