...

Agentlik: İcbari tibbi sığortanın tətbiqi ilə bağlı çətinliklərdən biri qeyri-rəsmi işlərlə məşğul olan əhalinin sığortalanması ilə bağlıdır

Cəmiyyət Materials 19 May 2016 13:19 (UTC +04:00)
"İcbari tibbi sığortanın tətbiqi ilə bağlı çətinliklərdən biri də qeyri-rəsmi işlərlə məşğul olan əhalinin sığortalanması ilə bağlıdır. Bu problem tək Azərbaycanda deyil, bütün inkişaf edən ölkələrdə var".
Agentlik: İcbari tibbi sığortanın tətbiqi ilə bağlı çətinliklərdən biri qeyri-rəsmi işlərlə məşğul olan əhalinin sığortalanması ilə bağlıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

"İcbari tibbi sığortanın tətbiqi ilə bağlı çətinliklərdən biri də qeyri-rəsmi işlərlə məşğul olan əhalinin sığortalanması ilə bağlıdır. Bu problem tək Azərbaycanda deyil, bütün inkişaf edən ölkələrdə var".

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev jurnalistlər üçün keçirilən təlimdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, belə şəxslər çox zaman sığorta sisteminə çox gec, yaşlandıqda və ya səhhətləri ilə bağlı müəyyən risk yarandıqda qoşulurlar. Ancaq bir sıra ölkələr buna qarşı tədbirlər görür: "Misal olaraq, Türkiyə və Almaniyada belə şəxslərə deyirlər ki, siz istədiyiniz zaman sığorta sisteminə qoşula bilmərsiniz. Əgər onlar ötən 5 il ərzində tibbi sığortaya görə heç bir ödəniş etməyibsə və işsiz olmamayıblarsa, onlardan bu sistemə qoşulmaq üçün çox yüksək məbləğ tələb edirlər. Demirəm ki, bizdə də belə mexanizm olacaq, ancaq dünya təcrübəsində belədir".

İ.Əliyev deyib ki, tibbi xidmətlərin satınalması iki formada - passiv və strateji formada ola bilər. Passiv satınalma tibbi sığorta sisteminə uyğun gəlmir: "Passiv satınalma o deməkdir ki, tibb müəssisələri xidmət göstərir və ödəyiciyə invoys göndərirlər ki, mənə pul ödə. Nəzarət olunmur ki, orada xidmət göstərilib, ya yox. Yaxud bu xidmət orada lazimi səviyyədə göstərilib, ya yox. Strateji satınalmada isə keyfiyyət standartlarına uyğun ödənişlər edilir. Bütün vəsaitlər İcbari Tibbi Sığorta Agentliyində toplandığı və burada alıcılıq qüvvəsi çox olduğu üçün strateji satınalmanın əhəmiyyəti artır və bunun mümkünlüyü daha çoxdur".

İ.Əliyev qeyd edib ki, icbari tibbi sığorta sisteminin əsas prinsipi sosial həmrəylikdir: "Bu o deməkdir ki, xəstə-sağlam, qoca-cavan, bir sözlə hər kəs bu sistemdə iştirak etsin. Əsas məqsəd odur ki, bütün risklər bir yerdə cəmlənsin. Bizim üçün əsas məqsəd icbari tibbi sığortanın tətbiqindən əhalinin razı qalmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti