...

Aydın Mirzəzadə: Prezident İlham Əliyev diaspor təşkilatlarının daha fəal olmasının vacibliyini vurğuladı

Cəmiyyət Materials 3 İyun 2016 18:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı həm Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların qarşısında duran bir çox məsələlərə aydınlıq gətirdi.
Aydın Mirzəzadə: Prezident İlham Əliyev diaspor təşkilatlarının daha fəal olmasının vacibliyini vurğuladı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı həm Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan azərbaycanlıların qarşısında duran bir çox məsələlərə aydınlıq gətirdi. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Azərbaycan dövləti bu gün bir çox uğurlar qazanıb: "Xaricdə yaşayan azərbaycanlılar öz vətənlərinin qazandığı uğurlarla fəxr edə bilirlər. Cənab Prezident Azərbaycan ilə xaricdə olan Azərbaycan diasporu arasında münasibətlərə toxundu və bu münasibətlərin həmişə sıx, qarşılıqlı hörmət formasında olmasını vurğuladı. Bununla Azərbaycan diaspor təşkilatlarının daha fəal olmasının, onlar arasında birliyin olmasının, yaşadıqları ölkələrin mətbuatı ilə sıx əlaqədə olmasının, həmin ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməsinin vacibliyi vurğulandı".

A.Mirzəzadə qeyd edib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə də toxundu: "Cənab Prezident bir daha bildirdi ki, Azərbaycan ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getmək fikrində deyil və problemin həlli üzərində çox ciddi çalışır. Aprel döyüşlərində Ermənistan mifi dağıdıldı, Ermənistan ordusunun Azərbaycan ordusundan qat-qat zəif olduğu üzə çıxdı. Ermənistan həmişə olduğu kimi həm öz cəmiyyətinə, həm də dünya ictimaiyyətinə yalan satmaqla məşğul oldu. Cənab Prezident bir fakta da toxundu: Ermənistan prezidentinin Avrasiya İqtisadi Birliyinin Astanada keçirilən sammitindəki çıxışında auditoriyaya bir cümlədə dörd yalan danışdığını bildirdi. Cənab Prezident konkret faktlarla Ermənistanın qeyri-ciddi dövlət olduğunu, Ermənistan rəhbərliyinin yalan danışmaq üzrə artıq "Ginnesin Rekordlar Kitabı"na düşə biləcəyi məsələsini vurğuladı və bir daha göstərdi ki, Azərbaycan ərazi bütövlüyünü qorumaq əzmindədir və bunun üçün bütün vasitələrdən istifadə edəcək".

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin çıxışı çox böyük ruh yüksəkliyi ilə qarşılandı: "Bütün auditoriya cənab Prezidentin mövqeyini dəstəklədiyini ortaya qoydu".

Qeyd edək ki, bu gün Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı öz işinə başlayıb. İki gün davam edəcək qurultaya 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq qatılıb. Qonaqlar arasında bir sıra xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri var. Qurultayın işində eyni zamanda, Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edir.

Tədbirin yekununda bir neçə sənədin qəbulu gözlənilir. Qurultay iyunun 4-də yekunlaşacaq.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində keçirilib. II Qurultay 5 il sonra Azərbaycan Prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli 1291 nömrəli sərəncamına əsasən 2006-cı il martın 16-da baş tutub. Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci il iyulun 5-6-da Bakı şəhərində keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti