Bakı. Trend:
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura növbəti iclasını keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iclasda Şuranın fəaliyyətə başladığı dövrdən ötən yarımillik dövrdə gördüyü işlərə dair hesabat təqdim edilib.
Şuranın sədri Mayis Əliyev bu dövrdə Şura tərəfindən 3 iclasın, 2 görüşün, 2 ictimai müzakirənin keçirildiyini, 5 normativ hüquqi akta rəy verildiyini diqqətə çatdırıb. Hesabat qənaətbəxş hesab edilib. Həmçinin Şuranın Əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupunun gördüyü işlər müzakirə olunub, məşğulluq məsələləri üzrə təkiflər verilib.
Tədbirdə BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyası insan hüquqları sahəsində qanunvericiliyin inkişafında yeni mərhələ kimi" mövzusunda respublika konfransının keçirilməsinin təşkilati məsələləri də nəzərdən keçirilib. Fəaliyyət planına uygun olaraq cari ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan konfransın təşkilat komitəsi yaradılıb. İctimai Şuranın üzvləri "İctimai iştirakçılıqla bağlı sənədlər Toplusu"nun hazırlanması və digər məsələləri də müzakirə ediblər.
Qeyd olunub ki, sosial müdafiə tədbirlərində ictimai iştirakçılığın genişləndirilməsi məqsədilə Şura tərəfindən bir sıra təkliflər hazırlanaraq təqdim olunacaq. Həmin təkliflər əmək, məşğulluq, sosial müavinətlər, sosial yardım, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial xidmət sahələrini əhatə edəcək. Həmçinin bu təkliflərdə İctimai Şuranın fəaliyyətinin daha da təkmil bir şəkildə qurulması məsələsi də əksini tapacaq.