...

Mərkəzi Elmi Kitabxanada Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 24 İyun 2016 19:35 (UTC +04:00)
İyunun 24-də Mərkəzi Elmi Kitabxanada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 93-cü ildönümünə həsr edilmiş “Azərbaycan ordusu - bizim and yerimiz” adlı tədbir keçirilib.
Mərkəzi Elmi Kitabxanada Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

İyunun 24-də Mərkəzi Elmi Kitabxanada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 93-cü ildönümünə həsr edilmiş “Azərbaycan ordusu - bizim and yerimiz” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.

İlk olaraq çıxış edən MEK-in Beynəlxalq və ictimai əlaqələr şöbəsinin rəhbəri Mübariz Göyüşlü Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından söz açıb. Bu il aprelin əvvəlində qoşunların təmas xəttində baş vermiş döyüşlərdən danışan M.Göyüşlü həmin günlərdə Azərbaycan Ordusunun göstərdiyi şücaətin, qazandığı qələbənin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını vurğuladı. O, bu hadisələrin ordumuzun böyük gücə malik olduğunu sübut etdiyini vurğulayıb.

Müdafiə Nazirliyinin təmsilçisi Vüsal Hüseynov da tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam hazırdır. Aprel döyüşlərini Stalinqrad döyüşlərinə bənzədən təmsilçi, Silahlı Qüvvələrin təkmilləşdirilməsində və maddi-texniki bazasının möhkəmləndirilməsində, milli hərbi kadrların hazırlanmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidməti olduğunu söyləyib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan Ordusunun bölgənin ən güclü ordusuna çevrildiyini qeyd edib.

Tədbirdə iştirak edən Azərbaycanın hərb tarixçisi, jurnalist Şəmistan Nəzirli Silahlı Qüvvələrimizin tarixi, onun keçdiyi şanlı yol, Port-Artur müharibəsi, I və II dünya müharibələrində iştirak etmiş hərbiçilərimiz - Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həzi Aslanov, Yadigarov qardaşları və digərlərinin şücaətlərindən bəhs etmişdir.

Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri İbrahim Yıldırım isə Azərbaycan xalqını Silahlı Qüvvələr günü münasibətilə təbrik etmiş, Türkiyə-Azərbaycan dostluğuna diqqət çəkərək Türkiyənin daim qardaş Azərbaycanın yanında olacağını söyləmişdir.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilmişdir. MEK əməkdaşları Xuraman İsmayılova, Xədicə Ağayevanın səsləndirdiyi vətənpərvərlik şeirləri, Şuşa Musiqi Kollecinin tələbələri Səddam Əliyev və Fatimə Hüseynova “Qarabağ şikəstəsi”ni ifa etmişlər.

Sonda “Savalan” qrupunun və onun bədii rəhbəri, gözəl sənətkar Novruz Novruzlunun ifasında bir-birindən gözəl ifalar tədbir iştirakçılarını vətənpərvərlik ovqatına kökləmişdir.

Son olaraq, MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova iştirak edən qonaqlara təşəkkürünü bildirmiş və düşmən tapdağı altında olan torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə azad olunacağına əminliyini ifadə edərək Ali Baş Komandanın döyüş əmrinə bütün xalq olaraq cavab verməyə hazır olduqlarını bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti