Bakı. İlhamə İsabalayeva - Trend:
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
Komissiyadan Trend-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılacaq. İmtahanların idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2445 nəzarətçi-müəllim, o cümlədən zal nəzarətçisi qismində 88 nəfər ASAN Xidmətin könüllüləri cəlb olunacaq.
Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə son baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.
İmtahanda 29 196 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 16 197 abituriyent II qrup üzrə, 12 999 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 26 346 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 14 340, III qrup üzrə 12 006 nəfər), 2850 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993 nəfər) məzunudur. Abituriyentlərin 13 391 nəfəri oğlanlar (II qrup üzrə 10 110 nəfər, III qrup üzrə 3281 nəfər), 15 805 nəfəri isə qızlardır (II qrup üzrə 6087 nəfər, III qrup üzrə 9718 nəfər). 28 069 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 1117 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 198 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1976-cı ildən, ən gənci isə 2001-ci ildəndir.
Bakı şəhərində 12 858, Naxçıvanda 1430, Gəncədə 3769, Sumqayıtda 1424, Mingəçevirdə 1424, Şəkidə 1748, Ağcabədidə 1261, Göyçayda 1320, Şirvanda 1055, Lənkəranda 1867, Xaçmazda isə 1006 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.