...

Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Cəmiyyət Materials 27 İyul 2016 12:59 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.
Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Bakı. Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahan Bakı şəhərində 1, Naxçıvan şəhərində 1 binada saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə ərzində davam edəcək. Namizədlərə iyulun 25-dən etibarən internet vasitəsi ilə "Namizədin imtahana buraxılış vərəqəsi" təqdim olunur.

İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri mütləq təqdim etməlidirlər:

• şəxsiyyəti təsdiq edən sənədin əslini;
• İmtahan gününə müvafiq olan "Namizədin imtahana buraxılış vərəqəsi"ni.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.

Qeyd edək ki, rezidenturaya ərizə qəbulu internet vasitəsilə 2016-ci il martın 1-dən 10-dək aparılıb və 1239 namizəd elektron ərizə doldurub təsdiq edib. Onlardan 442 nəfər imtahanın I mərhələsinin (3 aprel 2016-cı il) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. İkinci mərhələyə buraxılan namizədlərin 325-i qız, 117-i oğlandır. 407 namizəd Azərbaycan bölməsinin, 35 namizəd rus bölməsinin, 272 namizəd cari ilin, 170 namizəd isə əvvəlki illərin məzunudur, 4 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 430, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 42 zal nəzarətçisi ayrılıb.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti