...

Səfir: Azərbaycanda azad internetin olması ölkə üçün çox mühüm amildir

Cəmiyyət Materials 2 Avqust 2016 18:01 (UTC +04:00)
Azərbaycanda azad internetin olması ölkə üçün çox mühüm amildir.
Səfir: Azərbaycanda azad internetin olması ölkə üçün çox mühüm amildir

Bakı. Trend:

Azərbaycanda azad internetin olması ölkə üçün çox mühüm amildir.

Trend-in məlumatına görə, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Kerol Krofts AZƏRTAC-da keçirilən görüşdə bildirib.

AZƏRTAC-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatındakı rolu barədə məlumat verən baş direktor Aslan Aslanov Azərbaycanın və Böyük Britaniyanın nüfuzlu media qurumları arasındakı səmərəli əməkdaşlıqdan danışıb.

Görüşdə Böyük Britaniyanın Press Association Agentliyi ilə AZƏRTAC arasında sıx əlaqələrin, bu nüfuzlu informasiya qurumunun baş icraçı direktoru Klayv Marşalla səmimi dostluq münasibətlərinin olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının AZƏRTAC-ın ev sahibliyi ilə bu il mayın 23-də keçirilən iclasında Klayv Marşal da fəal iştirak edib və Konqresin hazırlıq işlərinə töhfəsini verib.

Beynəlxalq əlaqələrinin genişlənməsinin AZƏRTAC-ın dəqiq və etibarlı informasiya mənbəyi kimi məsuliyyətini daha da artırdığı, indiki sosial media bumu şəraitində bunun çox vacib amil olduğu vurğulanıb. Qeyd olunub ki, milli xəbər agentlikləri informasiyanın daha sürətlə və geniş coğrafiyada yayılmasında sosial medianın imkanlarından maksimum səmərəli istifadə etməlidir.

Diqqətə çatdırılıb ki, AZƏRTAC Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığın genişləndirilməsinə hər zaman hazırdır. Bu əməkdaşlıq hər iki ölkənin sosial-iqtisadi, siyasi və humanitar həyatının dərindən öyrənilməsi məqsədilə jurnalistlərin qarşılıqlı səfərlərinin təşkilini, müştərək layihələri əhatə edə bilər.

Səfir Kerol Krofts diplomatik fəaliyyəti dövründə Böyük Britaniyanın və Azərbaycanın media qurumları arasında əlaqələrin möhkəmlənməsində, qarşılıqlı səfərlərin, təlim proqramlarının təşkilində səylərini əsirgəməyəcəyini bildirib. Diplomat ölkələr arasında informasiya sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edən səfir ölkəmizin mühüm coğrafi mövqedə yerləşdiyini və bu amilin gələcək inkişafda əhəmiyyətli rol oynayacağını söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti