...

Bakı Sağlamlıq Mərkəzinin içkili olduğu deyilən həkimi məhkəməyə müraciət etdi (ÖZƏL) (VİDEO)

Cəmiyyət Materials 30 Avqust 2016 10:29 (UTC +04:00)
Bakı Sağlamlıq Mərkəzinin həkimi Elçin Əzizov bir necə gün bundan əvvəl onun içkili olması və bu səbəbdən də atası 67 yaşlı Vladimir Zotovun ölümünə səbəb olması barədə məlumat yayan şəxsi - V.Zotovun övladı İrina Zotovanı məhkəməyə verib.
Bakı Sağlamlıq Mərkəzinin içkili olduğu deyilən həkimi məhkəməyə müraciət etdi  (ÖZƏL) (VİDEO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Sağlamlıq Mərkəzinin həkimi Elçin Əzizov bir neçə gün bundan əvvəl onun içkili olması və bu səbəbdən də atası 67 yaşlı Vladimir Zotovun ölümünə səbəb olması barədə məlumat yayan şəxsi - V.Zotovun övladı İrina Zotovanı məhkəməyə verib.

Bunu Trend-ə Bakı Sağlamlıq Mərkəzinin direktoru Hikmət Həsənov deyib.

Onun sözlərinə görə, İ.Zotova E.Əzizovun içkili vəziyyətdə olduğunu, bu səbəbdən də onun atasını müayinə edə bilmədiyini bildirib. E.Əzizov ona qarşı bu şər və böhtana görə İ.Zotovadan təzminat istəyir.

E.Əzizovun çox yaxşı cərrah olduğunu söyləyən H.Həsənov həmin hadisə ilə onun nüfuzuna ciddi xələl gəldiyini söyləyib.

Xatırladaq ki, avqustun 19-da təcili-tibbi yardım maşını ilə xəstəxanaya daxil olan V.Zotova görə həkim E.Əzizova zəng edilib və ondan ağır vəziyyətdə olan xəstəyə görə evindən mərkəzə gəlməsi xahiş edilib. E.Əzizov Şüvəlandan öz avtomobili ilə mərkəzə 25 dəqiqəyə gəlib.

H.Həsənov bildirib ki, əgər E.Əzizov içkili olsaydı, avtomobilini idarə edə bilməzdi: “Xəstənin yaxınlarının bu barədə söylədiklərinin hamısı yalandır. Elçin Əzizov çox səriştəli həkimdir. V.Zotov 2 dəfə infarkt olub. Bunun fəsadı olaraq, onun bağırsağında tromboz (bağırsaq “infaktı”) yaranıb. Təcili yardım xidməti çağırılanda da onun şikayəti ürəyindən olub. Lakin sonradan onun qarnında ağrılar, yəni tromboz başlayıb. Mərkəzdə xəstənin laporaskopik müayinəsi aparılıb və dəqiqləşdirilib ki, onun bağırsağında tromboz var. Xəstə üçün səhər saat 11-dək bütün reanimasiya tədbirləri görülüb. Lakin buna baxmayaraq, o, dünyasını dəyişib. Onun ölümü də gözlənilən idi. Çünki bu diaqnoz 100 faiz ölümə səbəb olur”.

Qeyd edək ki, mərhumun övladı atasını müayinə edən həkimin içkili olduğunu, bu səbəbdən onun hətta liftə minə bilmədiyini, köməkçisinin ona kömək etdiyini, bütün bu anların isə mərkəzin videokamerasına düşdüyünü iddia edir.

H.Həsənov isə videokameraya belə görüntülərin düşmədiyini, həkimin liftə minmədiyini, onun mərkəzə pilləkənlə sərbəst şəkildə qalxdığını, xalatını geyindikdən sonra yenidən pilləkənlə endiyini və əməliyyat otağına getdiyini, liftdən isə istifadə etmədiyini, həkimin xəstəni bütünlüklə müayinə etdiyini, onun hətta laparoskopik müayinədən belə kecdiyini söyləyib.

Mərkəzdən Trend-ə həm bu görüntüləri, həm də laparoskopik müayinənin aparıldığı video təqdim edilib.

Laparoskopik müayinənin sırf tibb yönümlü olduğunu nəzərə alaraq, yalnız mərkəzin dəhlizindəki görüntüləri təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti