...

Bakıda böyük ekoloji aksiya keçiriləcək (VİDEO)

Cəmiyyət Materials 23 Sentyabr 2016 16:13 (UTC +04:00)
Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 24-də Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçiriləcək.
Bakıda böyük ekoloji aksiya keçiriləcək (VİDEO)

Bakı. Trend:

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində sentyabrın 24-də Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirəcək.

Artıq 21 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 6 ildir iştirak edir.

Builki aksiya miqyası və, tədbirə qoşulanların sayına görə əvvəlkilərdən daha genişdir. Tədbirin təşkilatçıları “Coca-Cola” şirkəti, “PAŞA Bank”, "Bakcell" mobil rabitə operatoru, "ASAN School" könüllülük məktəbinin "Yaşıl ASAN" təşəbbüsü, Bakı Nəqliyyat Agentliyi və “Let’s Do It Azerbaijan” proqramı (letsdoitworld.org) çıxış edir. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçiriləcək.

Aksiya 24 sentyabr tarixində “Topla, təmizlə, fərqi gör!” şüarı altında Bilgəh çimərliyində keçiriləcək. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunacaqlar.

Qeyd edək ki, Azərbaycanda son 6 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 30 hektara yaxın ərazisi 16 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Tədbirin təşkilatçıları hər kəsi aksiyaya qoşulmağa və Xəzəryanı sahil ərazisinin təmizlənməsinə öz töhfələrini verməyə dəvət edir. Aksiyada iştirak etmək istəyənlər (012) 436-90-67/436-85-09 telefon nömrələrinə zəng edib, [email protected] ünvanına iştirakla bağlı məktub göndərib və ya aksiyanın https://www.facebook.com/events/573722439498291/ ünvanlı “Facebook” səhifəsində qeydiyyatdan keçə bilərlər.

“Coastal Cleanup” aksiyasının iştirakçıları 24 sentyabr saat 9:00-da “Koroğlu” metro stansiyasının çıxışında toplaşıb xüsusi avtobuslarla təmizləmə işlərinin aparılacağı əraziyə yola düşəcəklər.

Builki aksiyaya qoşulanlar sırasında "Green Baku" ekoloji gənclər birliyi, “BİR” tələbə-könüllü proqramı, Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, AFFA, ADA Universiteti, “Youth Inc.” gənclərin sahibkarlıq proqramı və “Hard Rock Cafe” yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti