...

Şahid polis: Ərazidə daş parçaları var idi... polis əməkdaşları xəsarət alıb

Cəmiyyət Materials 21 Oktyabr 2016 14:36 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Şahid polis: Ərazidə daş parçaları var idi... polis əməkdaşları xəsarət alıb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sabunçu rayon Polis İdarəsinin (RPİ) əməkdaşı Nadir Vəliyev ifadə verib. O bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs polis idarəsinin qarşısına toplaşıb Elçin Qasımovun azadlığa buraxılmasını istəyiblər. O, ərazidə daş parçaları görsə də, onları kimlərin atdığını bilmədiyini deyib. N.Vəliyev qeyd edib ki, hadisə zamanı polis əməkdaşlarının xəsarət almasından xəbəri var.

Sonra Sabunçu RPİ-nin əməkdaşı Şahbaz Orucov ifadə verib. Digər şahid - Sabunçu RPİ-nin əməkdaşı Cavid Qafarov ifadəsində deyib ki, həmin vaxt futbolda olub, idarəyə çağırıldığı üçün gəlib və hər hansı qarşıdurmanın şahidi olmayıb. Sabunçu RPİ-nin əməkdaşı Eyvaz Hüseynov isə idarənin qarşısında daş parçaları görsə də, kimin atdığını bilmədiyini deyib. Polis əməkdaşı Ruslan Məhərrəmov da oxşar ifadə verib.

Proses oktyabrın 24-də davam edəcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti