...

Rusiyada azərbaycanlı generalın büstü qoyulub (FOTO)

Cəmiyyət Materials 4 Noyabr 2016 15:43 (UTC +04:00)
Rusiyanın Tambov şəhərindəki Qraf Vorontsov-Daşkov adına Kazak kadet məktəbində Rusiya imperiyasının general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskinin büstünün açılış mərasimi keçrilib.
Rusiyada azərbaycanlı generalın büstü qoyulub (FOTO)

Bakı. Trend:

Rusiyanın Tambov şəhərindəki Qraf Vorontsov-Daşkov adına Kazak kadet məktəbində Rusiya imperiyasının general-adyutantı olmuş Hüseyn xan Naxçıvanskinin büstünün açılış mərasimi keçrilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 34 il Rusiya imperiyasına xidmət edən sərkərdənin xatirəsi büstün açılışında və yerli kazak təşkilatının konfransında anılıb.

Rus İmperiyasının süvari qvardiya korpusuna komandanlıq etmiş Hüseyn xan Naxçıvanskiyə büstün qoyulması Ümumrusiya Azərbaycan Konqresinin Tambov regional bölməsinin rəhbəri Rəhim Hüseynovun təşəbbüsüdür. Açılış mərasimində çıxış edən diaspor rəhbəri Hüseyn xanın xidmətlərindən və Azərbaycan-rus xalqlarının dostluğundan bəhs edib. O bildirib ki, keçmiş ittifaq dövlətlərinin çoxunda rus məktəblərinin bağlandığı bir vaxtda Azərbaycanda yüzlərdə rus məktəbinin, Rus Dram Teatrı, Rusiyanın ali məktəbləri, rus mədəniyyət mərkəzinin fəaliyyət göstərməsi bu dostluğun bariz nümunəsidir.

Tambov Kazak Cəmiyyətinin atamanı Vladimir Veklenko isə Hüseyn xan Naxçıvanskinin tarixə şərəfli cəngavər kimi düşdüyünü vurğulayıb: "Təəssüf ki, siyasi səbəblərdən bu qəhrəman haqda SSRİ dövründə susublar, amma onun xidmətləri danılmazdır. Artıq onun xatirəsi Azərbaycanla yanaşı, Tambovda da yad ediləcək".

Tədbirdə Rusiya Federal Mərkəzi Dairəsi üzrə Prezidentin rəsmi nümayəndəsi Aleksandr Beqlovun təbrik məktubu oxunub.

Açılış mərasimindən sonra əksəriyyəti Rusiyanın müxtəlif güc strurkturlarının və administrativ instansiyalarının rəsmiləri olan Tambov vilayətinin kazakları konfrans keçirib. Konfransda ÜAK-ın nümayəndəsi Anar Həsənov Naxçıvan xanlığı və Naxçıvanskilər sülaləsi haqqında çıxış edib. Qeyd edib ki, Hüseyn xan Naxçıvan xanlığına hakimlik etmiş Naxçıvanskilər sülaləsinin nümayəndəsi olub. 1828-ci ildə Rusiya tərkibinə keçdikdən sonra imperiyaya xidmət edən Hüseyn xan rus-yapon müharibəsində şücaətlə vuruşduğuna görə 4-cü dərəcəli “Georgi xaçı” ilə təltif edilib. Birinci dünya müharibəsində isə Brusilov əməliyyatında göstərdiyi şücaətə görə 3-cü dərəcəli “Georgi xaçı” ordeninə layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti