...

Ümummilli lider Heydər Əliyevin Berlində xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 10 Dekabr 2016 23:23 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma tədbiri keçirilib
Ümummilli lider Heydər Əliyevin Berlində xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma tədbiri keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, əvvəlcə Almaniyadakı fövqəladə və səlahiyyətli səfirimiz Ramin Həsənov ulu öndərin büstü önünə əklil qoyub və tədbir iştirakçıları Heydər Əliyevi bir dəqiqəlik sükutla yad ediblər.

Səfir Ramin Həsənov tədbirdə çıxış edib. O, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqının tarixində istər Sovet dönəmində, istərsə də müstəqillik illərində oynadığı müstəsna roldan danışıb. Səfir müstəqilliyimizin bərpa edilməsindən sonrakı ilk illərdə Respublikanın üzləşdiyi problemlər və Ermənistanın təcavüzü il əlaqədar yaşadığı çətin zamana toxunaraq vurğulayıb ki, məhz Heydər Əliyev uzaqgörənliyi sahəsində Azərbaycan xalqı siyasi hərc-mərclikdən yaxa qurtara və dövlətçiliyini qoruya bilib.

Səfir Heydər Əliyevin hakimiyyət illərinə nəzər salaraq, müasir dövlətçiliyimizin, ölkəmizdə siyasi sabitliyin bərqərar edilməsi və iqtisadi inkişafın əsasının qoyulmasının məhz onun adı ilə bağlı olduğunu qeyd edib. Ramin Həsənov əsası Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda da uğurla davam etdirilən müstəqil siyasətin ölkəmizi regionun lider dövlətinə çevirdiyini diqqətə çatdırıb.

Tədbirin sonunda ulu öndərin vəfat günü ilə əlaqədar ehsan süfrəsi açılıb.

Tədbirdə Almaniyada yaşayan Azərbaycan diasporunun nümayəndələri, Almaniyanın elmi və ictimai dairələrinin təmsilçiləri, Almaniyada təhsil alan azərbaycanlı tələbələr və gənc tədqiqatçılar, Səfirliyin əməkdaşları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti