...

ƏƏSMN-in "İş yerinə dair arayış" e-xidmətinə müraciətlər artıb

Cəmiyyət Materials 30 Yanvar 2017 11:32 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” e-xidmətinə müraciətlər ötən il 10,3 faiz artıb.
ƏƏSMN-in "İş yerinə dair arayış" e-xidmətinə müraciətlər artıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” e-xidmətinə müraciətlər ötən il 10,3 faiz artıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-in “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti ölkəmizin elektron arayış sistemində mühüm yer tutur. Respublikada kağız arayışların elektron arayışlarla əvəz edilməsi prosesində əhəmiyyətli rol oynayan “İş yerinə dair arayış” e-xidmətinə 2016-cı ildə 227 685 müraciət qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 10,3 faiz (21 209 müraciət) çoxdur. Bu e-xidmətə daim artan marağın əsasında onun işləyən hər kəsə müvafiq hallarda bu və ya digər təşkilata təqdim etmək üçün real vaxt rejimində iş yerinə dair arayış əldə edə bilmək imkanı verməsidir. Bununla da artıq həmin arayışın alınmasından ötrü vətəndaşın öz iş yeri olan müəssisənin məsul şəxslərinə müraciət etməsinə, bunun üçün vaxt və əlavə zəhmət sərf etməsinə ehtiyac qalmır. Arayışda işəgötürən barədə məlumatlar, habelə onun əlaqə nömrəsi, əmək müqaviləsinin bağlandığı tarix, işçinin şəxsi məlumatları və s. əksini tapır. Digər tərəfdən, arayışın təqdim edildiyi qurumlar onun üzərindəki ştrix-koddan istifadə etməklə “E-hökumət” portalında bu sənədin həqiqiliyini, oradakı məlumatların düzgünlüyünü yoxlaya bilirlər.

2014-cü ilin iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində bütün işçi və işəgötürənlər barədə dolğun informasiya bazasının formalaşması sistemin funksional imkanlarının artırılmasına, həmin ilin dekabr ayında “İş yerinə dair arayış” e-xidmətinin də istifadəyə verilməsinə imkan yaradıb. Cari ilin 1 yanvar tarixinədək həmin e-xidmətə 453 minə yaxın müraciət qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti