Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, proses hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub və dövlət ittihamçısı ittiham aktını elan elan edib.
İttihama münasibət bildirən D.Xəlilov və digər müttəhimlər elan olunmuş ittiham üzrə özlərini təqsirli bilmədiklərni söyləyiblər. Sabiq deputat məhkəmənin hazırkı mərhələsində sərbəst ifadə verməkdən imtina edib.
Digər təqsirləndirilən M.Zeynalov dindirilərkən istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib. O, "Azərtikinti" şirkətində hüuquqşünas işlədiyini vurğulayıb: "Sonra Dünyamin Xəlilovun göstərişi ilə "Kondor Qrup" MMC yaradıldı və mən orada təsisçi oldum. İşlərlə əlaqədar olaraq, tez-tez xaricə gedirdim. Bir qədər sonra məni Vergilər Nazirliyinə çağırdılar. Orada mənə bildirdilər ki, barəmdə cinayət işi açılıb. Nazirlikdən çıxandan sonra qorxdum və şirkətin rəhbərlik vəzifəsindən imtina etdim. Şirkət adımdan çıxarılıb, Abdulla adlı şəxsin adına keçirildi. Mən MMC-də rəhbər vəzifəsində çalışanda ancaq sənədlərə qol çəkirdim. Şirkətdən maaş almırdım, lakin digər çalışdığım şirkətdə hüquqşünas kimi mənə məvacib verilirdi".
Təqsirləndirilən Ş.Musayev ifadəsində qeyd edib ki, "İntertekstil" MMC-nin İdarə Heyətinin üzvü olarkən həmin şirkətin rəhbəri D.Xəlilov ona göstəriş verib: "Dünyamin müəllimdən göstəriş gələndən sonra işçilərimi Beynəlxalq Bankın Mərkəzi filialına göndərirdim. Həmin bankda işçilərimin adına kredit ayrılırdı. Lakin onlar kreditin məbləğinin nə qədər olduğunu bilmirdilər. İşçilərim sadəcə müqaviləyə imza atırdılar. Pul barədə xəbərləri yox idi".
Sonra F.Əmiraslanov ifadə verib. O, D.Xəlilovun göstərişi ilə 2007-ci ildən "Aqora" MMC-nin direktoru olduğunu deyib. Təqsirləndirilən şəxs bildirib ki, işlər formal olaraq, həyata keçirilib: "Kreditin hara xərcləndiyi və pulun kim tərəfindən götürüldüyündən xəbərsizəm. Sadəcə sənədlərə qol çəkmişəm. İşlə əlaqədar xarici ölkələrə getməmişəm. Mən Vergilər Nazirliyinə çağırılanda barəmdə cinayət işinin açıldığını bildim və sonra şirkətin rəhbər vəzifəsindən imtina etdim".
S.Seyfullayev dindirilərlərkən "Səbail Mebel" ASC-nin təsisçisi olduğunu vurğulayıb. O, şirkəti D.Xəlikova satdığını deyib: "Dünyamin müəllim şirkəti səhmdarlardan alandan sonra dedi ki, Beynəlxalq Bankdan kredit götürmək lazımdır. O, dövlət əhəmiyyətli obyekt tikildiyini bildirdi. Buna görə alqı-satqını ləğv edib, 6 milyon manat kredit götürüldü".
Digər təqsirləndirilən R.Əsgərov ifadəsində söyləyib ki, D.Xəlilovun göstərişi ilə MMC açıb: "Sonra Dünyamin müəllim mənə Beynəlxalq Banka gedib adıma kredit götürmək lazım olduğunu dedi. Bir müddətdən sonra ondan krediti ödəyib-ödəmədiyi barədə soruşanda dedi ki, kredit ödənilib".
Təqsirləndirilən R.Əliyev ifadəsində qeyd edib ki, Atəşgah Dövlət Tarixi Memarlıq Qoruğunda baş elmi işçi vəzifəsində çalışıb. O, D.Xəliovu tanımadığını deyib: "Dostum "İntertekstil" ASC-nin İdarə Heyətinin üzvü Camal mənə dedi ki, adıma şirkət açaq. Heç bir iş görməyəcəyimi söylədi. Şirkət açıldı və mən ancaq sənədlərə qol çəkirdim. Banka da gedib sənədlərə qol çəkdim. Heç nədən xəbərim yoxdur".
Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib.
İttihama görə, D.Xəlilov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D.Xəlilov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə),213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.
Təqsirləndirilən şəxs D.Xəlilov Bakıda tanınmış “Globus Plaza”nın sahibidir. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumu və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.