Bakı. Samir Əli - Trend:
Güclü külək Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 5-ci kilometrindən ayrılan Blaband kəndinə gedən yolu qarla doldurub.
Bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, “Azəravtoyol” ASC-nin “52 saylı Yol İstismarı” MMC-nin xüsusi texnika və canlı qüvvəsi hadisə yerinə cəlb edilib: "Hazırda yol qardan təmizlənib və yolda avtomobillərin hərəkəti təmin edilib. Bakıda qarlı havalar geridə qalsa da, respublikanın ucqar dağ ərazilərində qar hələ də var. Bəzi hallarda qarlı-şaxtalı havalar ucqar dağ kəndlərinə gedən yollarda hərəkəti çətinləşdirir. Lakin “Azəravtoyol” ASC-nin yerli bölmələri ucqar kənd yollarında yaranan problemləri qısa müddət ərzində hava şəraitinə, istirahət və bayram günlərinə baxmadan, sutkanın istənilən saatında aradan qaldırırlar".