...

Qurban Yetirmişli: "Otman bozdağ" püskürməmişdən əvvəl yaxınlığında 7-8 təkan olub

Cəmiyyət Materials 9 Fevral 2017 11:58 (UTC +04:00)
Zəlzələlərin palçıq vulkanları ilə genetik cəhətdən əlaqəsi var.
Qurban Yetirmişli:  "Otman bozdağ" püskürməmişdən əvvəl yaxınlığında 7-8 təkan olub

Bakı. İlhamə İsabalayeva - Trend:

Zəlzələlərin palçıq vulkanları ilə genetik cəhətdən əlaqəsi var.

Trend-in məlumatına görə, bunu AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdikləri mətbuat konfransında deyib.

O bildirib ki, vulkanların püskürməsi elə belə olmur: "2014-cü ildə Qobustan rayonunda "Şıxzərli" vulkanın püskürməsindən 2 gün əvvəl bu vulkanın yanında zəlzələ baş vermişdi. Vulkanın oyanmasına ən çox təsir edən amil zəlzələlərdir".

Q.Yetirmişli əlavə edib ki, fevralın 6-da Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində "Otman bozdağ" vulkanı püskürməmişdən əvvəl onun yaxınlığında 7-8 təkan qeydə alınıb. Mərkəz direktoru deyib ki, "Otman bozdağ" vulkanının dərinliyi 3 km idi və o, gün ərzində 2 dəfə püskürüb.

Bu vulkanın sonuncu dəfə 2004-cü ildə püskürdüyünü deyən Q.Yetirmişli deyib ki, ölkə ərazisindəki vulkanlarda gedən prosesləri izləmək üçün onlarla bağlı ayrıca monitorinq aparmaq, onlar ətrafında mobil stansiyalar qurmaq lazımdır.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, fevralın 6-da saat 13 radələrində Otman-Bozdağ palçıq vulkanında güclü püskürmə baş verib. Püskürmə ümümən 9 dəqiqəyə yaxın olub. Vulkan kraterindən cənub istiqamətində eni bəzi yerlərdə 6 metrəyə çatan çatlar 3-4 km məsafəyə qədər uzanaraq yeni çat sistemi təzahürü yaradıb. Yeni xaric edilmiş sülb tullantılarının həcmi 12 hektardan çox ərazini örtüb. Xaric olan brekçiya qatının qalınlığı 2 metrə yaxındır, uzunluğu isə 350 metrə çatır. Yaxınlıqda yaşayış məskənləri olmadığından bu palçıq vulkanı təhlükəli hesab edilmir. Vulkanının yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı da vardır ki, onların da aktivləşmə ehtimalı artıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən prosesə nəzarət olunur və müvafiq ölçmə işləri aparılır.

Otman-Bozdağ palçıq vulkanı Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294s nömrəli sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun daimi istifadəsinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti