...

Xocalı soyqırımının ildönümündə Bakıda bu yollar bağlı olacaq

Cəmiyyət Materials 23 Fevral 2017 13:39 (UTC +04:00)
Həmçinin Hava limanı istiqamətindən cənub tərəfdən 3-cü Kənar Dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə hərəkət tənzimlənir.
Xocalı soyqırımının ildönümündə Bakıda bu yollar bağlı olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı payraxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə bütün avtomobillərin hərəkəti həmin gün məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O qeyd edib ki, Xocalı soyqırımının 25-ci ildönümünün anılması üçün yürüş edənlərin Neftçilər və Bülbül prospeklərinin kəsişməsindən başlayaraq Azadlıq meydanından keçməklə, Yusif Səfərov küçəsi ilə Xocalı prospekti “Ana fəryadı” abisədi ətrafında dövrə edib, eyni marşrutla 28 May, A.Puşkin küçələri istiqamətində hərəkət etmələri nəzərdə tutulub.

Bununla əlaqədar qeyd edilən marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Yəni:

1. Bakı-Ələt yolunun 14-cü km-dən və Sədərək T/M-in çıxışından 3-cü kənar dairəvi yola;
2. 20-ci sahə dairəsindən Dağüstü park yolu ilə Badamdar qəsəbəsinə;
3. Bayıl qəsəbəsi - Əhəd Yaqubov və Gülbala Əliyev küçələrindən 20-ci sahə qəsəbəsinə;
4. Bayraq Meydanı, “Dalğa plaza” inzibati binasının yanından M.Useynov küçəsinə.

Eləcə də Niyazi, Teymur Elçin, Lermontov, Şeyx Şamil, İstiqlaliyyət, 10-cu park, Mehdi Hüseyn küçələri də daxil olmaqla, 10-cu zavod dairəsindən Babək prospektinin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Heydər Əliyev Mərkəzinin yanından, Xətai prospekti – Dəmirçizadə küçəsi kəsişməsindən, həmçinin Ağaoğlu, Təbriz, Koroğlu Rəhimov və Səməd Vurğun, Üzeyir Hacıbəyov, Xaqani, Puşkin, 28 May, R.Zorge, K.Səfərəliyeva, Fikrət Əmirov küçələri, Azadlıq, Bülbül, Rəşid Behbudov prospektlərindən səhər saat 07:00-dan tədbir tam başa çatanadək hərəkətin istiqamətinin dəyişdirilməsi planlaşdırılıb.

Ona görə də Bakı Şəhər Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin ölkə və dünya əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Anım mərasimində iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.

Həmçinin Hava limanı istiqamətindən cənub tərəfdən 3-cü kənar dairəvi yolla, şimal tərəfdən isə Balaxanı, Zabrat yolu ilə hərəkət tənzimlənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti