...

BDU-da Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı elmi-praktik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2017 14:52 (UTC +04:00)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Elmi-praktik konfrans keçirilib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Universitetin professor-müəllim heyəti, tələbələrinin iştirak etdiyi konfransda çıxış edən rektor, akademik Abel Məhərrəmov Xocalı soyqırımının insanlığın tarixində ən qəddar və amansız terror hadisələrindən biri, 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu deyib.

Qeyd edib ki, erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə öldürüblər. Rektor o zamankı dövlət orqanlarının şəhərin müdafiəsini təşkil etmək üçün heç bir əməli tədbir görmədiyini, şəhər sakinlərini taleyin ümidinə buraxdıqlarını, ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Azərbaycan hökuməti və parlamentinin Xocalı soyqırımı, bütövlükdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri dünya dövlətlərinə, parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırdığını bildirib. Ulu öndərin yürütdüyü həmin siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd edən rektor onu da bildirib ki, dünyanın bir çox ölkələrində Heydər Əliyev Fondunun, Fondun müxtəlif ölkələrdəki nümayəndəliklərinin, diaspor təşkilatlarının təşəbbüsü ilə tədbirlər keçirilir, Xocalı şəhidləri ehtiramla yad edilir, Azərbaycanın haqq işi dəstəklənir, ermənilərin işğalçılıq siyasəti pislənir.

Sonra Tarix fakültəsinin dosenti Boran Əziz “Xocalı şəhərinin tarixi”, Coğrafiya fakültəsinin kafedra müdiri, professor Fərda İmanov “Xocalının coğrafiyası”, Sosial elmlər və Psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə “Xocalı soyqırımının sosial fəsadları”, Hüquq fakültəsinin Ümumi beynəlxalq hüquq kafedrasının professoru Əfsər Sadıxov “Xocalı soyqırımı zamanı insan hüquqlarının və Beynəlxalq konvensiyaların pozulması” mövzularında çıxış ediblər.

Sonda tələbələrin hazırladığı rekviyem (neydə “Sarı gəlin”) və vodeoçarxın nümayişi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti