Bakı. Trend:
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə Bölməsində Xocalı soyqırımının 25-ci il dönümü ilə bağlı tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AYB-in Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova Xocalı soyqırımının dünyada tanıdılması üçün yazıçıların üzərinə böyük öhdəliyin düşdüyünü qeyd edib. Bölmə sədri vurğulayıb ki, yeni bədii, sənədli əsərlər yazılmalı, müxtəlif dillərə tərcümə olunmalıdır. Bu iş daha çox təşkilatlanma və təbliğat tələb edir.
X.Hüseynova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli hadisələrin Azərbaycanın tarixinə qanlı hərflərlə yazıldığını söyləyib. Xocalı haqqında həqiqətin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını bildirib. Bildirib ki, bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib.
Yazıçılar Nüşabə Əsəd Məmmədli, Aydın Murovdağlı, şairə Aləmzər Əlizadə və başqaları çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini səsləndiriblər. Bu faciənin təkcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu və ermənilər tərəfindən bir gecədə 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini bildiriblər. Xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti olan Xocalı soyqırımının törədilməsindən 25 il keçməsinə baxmayaraq, faciə dəhşətlərinin hələ də unudulmadığını qeyd edən natiqlər Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını və işğal altında olan bütün torpaqların tezliklə azad ediləcəyini vurğulayıblar.