...

“Karyerada ilk addım” tədbirində 237 iş yeri təqdim edilib (FOTO)

Cəmiyyət Materials 2 May 2017 12:24 (UTC +04:00)
Tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirində 77 müəssisə üzrə 237 boş (vakant) iş yeri təqdim edilib.
“Karyerada ilk addım” tədbirində 237 iş yeri təqdim edilib (FOTO)

Bakı. Trend:

Tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirində 77 müəssisə üzrə 237 boş (vakant) iş yeri təqdim edilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-in və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində (Bakı şəhəri, Neftçilər prospekti 44) tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib. Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak ediblər.

S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkəmizin dayanıqlı iqtisadi inkişafına səbəb olmaqla, yeni iş yerlərinin açılmasına, əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılmasına şərait yaratdığını vurğulayıb. Nazir görülən işlərin müsbət nəticəsi kimi, Azərbaycanın gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasında yer tutduğunu bildirib: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək resurslarının reallaşdırılmasına yönələn tədbirlərin bir istiqaməti də gənclərin əmək bazarında fəal iştirakının təmin olunmasına yönəlib. Bu tədbirlərin davamı olaraq, cari ilin ilk rübü ərzində nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin 30 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 70 faizi gənclərdən ibarət olub. Sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına çıxış imkanlarına yiyələnmələri üçün müvafiq işlər aparılır. Nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi bu məqsədə xidmət edir. 2013-cü ilin dekabr ayında istifadəyə verilən həmin Mərkəzdə cari ilin 01 may tarixinə qədər 1056 nəfər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığına qəbul edilib”.

Nazir diqqətə çatdırıb ki, dövlət başçısının müvafiq sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramının iştirakçılarının da bir hissəsini gənclər təşkil edir. Bununla bərabər, əmək bazarına daxil olmağa hazırlaşan gənc işçi qüvvəsinin gələcək karyeralarını əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara uyğun şəkildə, düzgün müəyyən etmələri üçün təkcə bu ilin birinci rübündə 32,1 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Gənclərin məşğulluğuna yönəlik işlərin tələbə və məzunları da əhatə etdiyini bildirən S.Müslümov qeyd edib ki, tələbə və məzunların əmək bazarına daha çevik şəkildə inteqrasiyası məqsədilə son illərdə iki ali təhsil ocağında virtual müəssisələr yaradılıb. Ölkəmizdə interaktiv tədrisin əyani təcrübə əsasında təkmilləşməsinə xidmət edən belə müəssisələrin yaradılması Beynəlxalq Əmək Təşkilatı tərəfindən də yüksək dəyərləndirilib: “Digər bir istiqamət isə “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin təşkil olunmasıdır. Ötən il ölkənin 10 ali təhsil müəssisəsində belə tədbirlər keçirilib və həmin tədbirlərdə 370 müəssisə tərəfindən 1838 boş (vakant) iş yeri gənclərin seçiminə təqdim olunub. Bu tədbir də gənclərin öz ixtisaslarına uyğun uğurlu karyeralarını qurmalarının, digər tərəfdən müvafiq sahə üzrə işəgötürənlərin ixtisaslı kadr seçiminin dəstəklənməsi məqsədini daşıyır”.

Nazir Əbülfəs Qarayev hazırda respublikamızda daim inkişaf edən sahələrdən birinin də turizm sahəsi olduğunu, ölkəmizə gələn turistlərin sayının ildən-ilə əhəmiyyətli şəkildə artdığını, Azərbaycanda turizm sənayesinin inkişafı yönündə hazırda da mühüm işlərin aparıldığını vurğulayıb. O bildirib ki, turizm sahəsi üzrə potensialın daha da təkmilləşdirilməsi üçün bu sahənin ixtisaslı işçi qüvvəsi ilə təmin olunması da vacib məsələlərdəndir. Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və məzunları üçün “Karyerada ilk addım” devizi altında hər il keçirilən aktiv məşğulluq tədbirləri bu baxımdan mühüm dəstək rolunu oynayır. Ə.Qarayev qeyd edib ki, eyni zamanda, belə tədbirlər turizm sahəsi üzrə ixtisaslara yiyələnmiş gənclərimizin öz ixtisaslarına uyğun karyera qurmaq imkanlarına malik olmalarına, turizm sektorunda fəaliyyət göstərən işəgötürənlərlə əlaqələrinin yaranmasına, bir sözlə, onların əmək bazarına fəal inteqrasiya edə bilmələrinə şərait yaradır.

Tədbirdə 73-ü özəl, 4-ü dövlət sektoruna aid olan 77 müəssisə tərəfindən 237 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 6-sı dövlət, qalan 231-i isə özəl müəssisələrə aid olub. İştirakçılar seçdikləri boş (vakant) iş yerlərinə göndərişlə təmin olunublar. Həmçinin tələbə və məzunlar əmək bazarı barədə ətraflı məlumatlar öyrənib və işəgötürənlərin nümayəndələri ilə ilkin əlaqələr quraraq, şəxsi məlumatları əks olunan CV-lərini onlara təqdim ediblər. İşəgötürənlərin nümayəndələri isə ixtisaslı kadr seçimini aparmaq imkanı əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti