...

TREND-Milli.Az yenə birinci oldu (FOTO)

Cəmiyyət Materials 6 May 2017 16:33 (UTC +04:00)
Azərbaycanda KİV nümayəndələri arasında IV atıcılıq turniri keçirilib.
TREND-Milli.Az yenə birinci oldu (FOTO)

Bakı. Trend:

Azərbaycanda KİV nümayəndələri arasında IV atıcılıq turniri keçirilib.

Trend-in məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cu ildönümü münasibətilə atıcılıq turniri keçirilib.

Dövlət Xidmətinin rəis müavini general-mayor Zaur Abdullayev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri bütün göstəricilərinə görə regionda ən güclü ordu statusuna yiyələnib: "Ordu quruculuğunun tərkib hissəsi olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir. Bu turnir isə Xidmətlə KİV arasında münasibətlərin daha da inkişafına töhfə verəcək. Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır".

"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin Sabunçu rayon filialında keçirilən yarışda bu dəfə hər biri 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət 12 komanda iştirak edib. Onlardan ən çox bal toplamış 5 komanda final mərhələsinə vəsiqə qazanıb. Sonda "Trend İnformasiya Agentliyi - Milli.Az Xəbər Portalı" komandası hədəfi hamıdan yaxşı vuraraq IV atıcılıq turnirinin qalibi olub.

Qeyd edək ki, bu, komandanın 4-cü uğurudur. Belə ki, komanda buna qədər 1 dəfə birinci, 2 dəfə də ikinci yerə layiq görülüb. Budəfəki turnirdə 2-ci yeri Lider TV-nin, 3-cü yeri isə "Səs" İnformasiya Agentliyinin kollektivi tutub.

Qaliblərə kubok, medal, diplom və pul mükafatı təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti