Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda son aparılan müayinələrin nəticələrinə görə nikaha daxil olanların 5-7%-i talassemiya daşıyıcısı olur.
Trend-in məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov bu gün 8 may - Beynəlxalq Talassemiya Günü ilə əlaqədar keçirilən tədbirdə deyib.
C.Məmmədov deyib ki, 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb. Bu müayinələrin aparılmasında məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.
Mərkəz direktorunun sözlərinə görə, indiyə qədər nikah qabağı 258 521 nəfər müayinədən keçib. Onların 11 215-də talassemiya daşıyıcılığı aşkarlanıb. Bunlardan 97 cütlüyün hər ikisində dayışıcılıq qeydə alınıb. Bu şəxslərə müvafiq məsləhətlər verilib. Daşıyıcı olan 54 cütlük prenetal diaqnostika olunması üçün qeydə alınıb.
C.Məmmədov deyib ki, bu vaxta kimi talassemiya daşıyıcılığı aşkar edilən 26 cütlükdə hamiləlik qeydə alınıb. Onlardan 5 ailədə xəstə uşaq olduğuna görə, ailənin razılığı ilə hamiləlik dayandırılıb:
"Digərlərində isə talassemiya daşıyıcısı və sağlam uşaqlar dünyaya gəlib. Daşıyıcılar praktik sağlam insanlardır və onların sağlamlıqla bağlı problemi olmur".