...

Qarabağ müharibəsi əlilləri və şəhid ailəsinə fərdi yaşayış evləri verilib (FOTO)

Cəmiyyət Materials 6 İyun 2017 11:43
Zaqatala rayonunda yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinə və şəhid ailəsinə təqdim olunub.
Qarabağ müharibəsi əlilləri və şəhid ailəsinə fərdi yaşayış evləri verilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Zaqatala rayonunda yeni fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinə və şəhid ailəsinə təqdim olunub.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN tərəfindən Zaqatala rayonunda inşa etdirilmiş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailəsinin istifadəsinə verilib. Evlərin təqdim olunması tədbirində ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun, Zaqatala rayon İcra Hakimiyyətinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinə xüsusi diqqət və qayğısı həmin insanların maddi təminatlarının gücləndirilməsi, eləcə də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımların atılmasına şərait yaradıb. Bunun təzahürü olaraq, ƏƏSMN tərəfindən Bakıda və respublikamızın regionlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni inşa olunmuş mənzillərlə təminatı tədbirləri də ildən-ilə uğurla davam etdirilir. Möhtərəm dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, keçən il və cari ilin ötən dövründə nazirlik bu təbəqələrdən olan 320 nəfərə yaxın vətəndaşı müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təmin edib. O cümlədən, qeyd olunan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Zaqatala rayonunda 17 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə təqdim olunub.

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlar və şəhid ailələri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü, əmək pensiyası və ya aylıq sosial müavinətlə, eləcə də onların uşaqları aylıq sosial müavinətlə təmin edilirlər. Əlilliyi olan şəxslərin, o cümlədən Qarabağ müharibəsi əlillərinin səmərəli bərpa-müalicə xidmətləri və reabilitasiya vasitələri ilə təminatı da diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, son illərdə ölkədə reabilitasiya sisteminin yüksək standartlar səviyyəsində qurulmasına yönələn mühüm işlər aparılıb və hazırda da davam etdirilir.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi Prezident qayğısı ilə əhatə olunduqlarını vurğulayıb, onların sosial təminatlarının gücləndirilməsi, sosial-məişət problemlərinin həll olunması istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Onlar göstərilən yüksək diqqət və qayğıya, xüsusən də bu gün yeni yaşayış evləri ilə təmin olunduqlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti