...

"Yaradıcılıq emalatxanası - 2" düşərgəsi keçiriləcək

Cəmiyyət Materials 10 İyul 2017 15:07 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iyulun 9-dan başlayaraq, Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində istedadlı və yaradıcı gənclərin iştirakı ilə "Yaradıcılıq emalatxanası - 2" düşərgəsi start götürəcək.
"Yaradıcılıq emalatxanası - 2" düşərgəsi keçiriləcək

Bakı. Trend:

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iyulun 9-dan başlayaraq, Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində istedadlı və yaradıcı gənclərin iştirakı ilə "Yaradıcılıq emalatxanası - 2" düşərgəsi start götürəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 19 iyul tarixinədək davam edəcək düşərgəyə təsviri sənət, foto, rəqs (milli və müasir), teatr (aktyor), kino (rejissor, operator, ssenari müəllifi), telejurnalistika kimi sahələrə marağı olan gənclər qatılacaq.

Düşərgənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin sosial, yaradıcı aktivliyinin və təşəbbüskarlığının artırılması, peşəkəralıq səviyyəsinin yüksəldilməsi, yaradıcı individuallığın və estetik zövqün formalaşdırılması, yaradıcılıq maraqları dairəsinin genişləndirilməsi, özünü inkişafın stimullaşdırılması və asudə vaxtın səmərəli təşkilidir.

İlk 2016-cı ildə keçirilmiş "Yaradıcılıq emalatxanası" düşərgəsində 100 nəfər gənc iştirak edib, müxtəlif yaradıcılıq sahələri üzrə öz bacarıqlarını sınayıb, yeni biliklər əldə etməklə yanaşı, yaradıcılıq ideyalarını reallaşdırmaq imkanı qazanıblar.

Bu il də düşərgədə iştirak ilə bağlı Təşkilat Komitəsinə 600-dən çox ərizə daxil olub, keçirilən müsahibə əsasında 100-dək gəncin namizədliyi qəbul olunub.

Qeyd edək ki, düşərgədə yaradıcılıq emalatxanaları, nəzəri və praktiki məşğələlər, yaradıcılıq müsabiqələri, ustad dərsləri, eləcə də gənclər üçün əyləncəli proqramlar - kinoseans, diskoteka, gülüş axşamları, masaüstü oyunlar, intellektual oyunlar, idman oyunları, tonqal ətrafı yaradıcılıq gecələri, konsert proqramları təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti