...

Bilik Fondunun dəstəyi ilə keçirilən təlimlər uğurla başa çatıb (FOTO)

Cəmiyyət Materials 26 İyul 2017 15:03 (UTC +04:00)
Bilik Fondunun dəstəyi ilə keçirilən təlimlər uğurla başa çatıb
Bilik Fondunun dəstəyi ilə keçirilən təlimlər uğurla başa çatıb (FOTO)

Bakı. Trend:

Maarifləndirici fəaliyyətinin üçüncü ilinə qədəm qoymuş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə əhalisinin elmi-texniki, sosial-iqtisadi, hüquqi, humanitar biliklərinin davamlı şəkildə artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin geniş təbliği, gənclərin ekoloji təfəkkürünün formalaşdırılması, onları zərərli vərdişlərdən yayındırmaqla sağlam həyat tərzinə sövq edilməsi, yeniyetmə və gənclərdə elmi biliklərə, faydalı bacarıq və vərdişlərə maraqlarının atrırılması istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirməkdədir.

Fondun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, bu gün ölkənin müxtəlif bölgələrində Bilik Fondunun dəstəyi ilə fəaliyyət göstərən Bilik evlərində yerli əhalinin maarifləndirilməsi məqsədilə keçirilən mühazirə və görüşlər, təqdimat və müsabiqələrlə yanaşı, elmi biliklərin müxtəlif sahələri üzrə təlimlər təşkil olunur.

Yerli gənclər Qax, Oğuz, Şəmkir, İsmayıllı, Tərtər, Astara rayonlarında və Bakı şəhərinin Nardaran qəsəbəsində fəaliyyət göstərən Bilik evlərində xarici dil, kompüter texnologiyaları və kargüzarlıq işi, ədəbi yaradıcılıq, toxuculuq, avtomobillərə texniki xidmət və digər sahələr üzrə təşkil olunmuş təlim kurslarının dinləyiciləri qismində müvafiq bilik və başarıqlara yiyələnirlər. Təlimlər təcrübəli mütəxəssislərin iştirakı ilə Bilik Fondu tərəfindən tərtib edilmiş xüsusi proqramlar üzrə yerli müəllimlər və təlimçilər tərəfindən keçirilir və yalnız həftə ərzində iki-üç məşğələdən ibarət olmur. Dinləyicilər Bilik evlərində təşkil olunan bütün tədbirlərin fəal iştirakçılarına çevrilir, Bilik Fondunun təşkilatçılığı ilə ictimai-siyasi, sosial-iqtisadi mövzularda keçirilən mühazirələrə, kitab təqdimatları və dəyirmi masa ətrafında müzakirələrə, bilik müsabiqələri və elmi turlara qatılırlar.

Asudə vaxtlarını Bilik evlərində keçirən gənclər təlimlər dövründə Bilik Fondunun və yerli İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının alim və tədqiqatçılarının, ali məktəb müəllimlərinin, millət vəkilləri və tanınmış jurnalistlərin “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında, eləcə də “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilmiş maarifləndirici tədbirlərdə, sağlam həyat tərzinin təbliği ilə bağlı təlimlərdə iştirak edib, xarici ölkə alimləri və mütəxəssisləri ilə ünsiyyətdə olublar.

Kurs dinləyicilərinin maarifləndirici tədbirlərdə iştirakı onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmalarına, həyati təcrübəyə yiyələnmələrinə yardımçı olur. Təlimlərdə iştirak edən gənclərin iş tapmaq və əmək fəaliyyətinə başlamaq imkanları da genişlənir. Ötən il Bilik Fondunun dəstəyi ilə “Auto Azerbaijan” şirkətində təşkil olunmuş təlimləri müvəffəqiyyətlə bitirən bir qrup gənc artıq paytaxtda və bölgələrdə avtomobillərə texniki xidmət göstərən müəssisələrdə işlə təmin olunublar.

Cari ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə həm Bilik evlərində, həm də digər müəssisələrdə təşkil edilmiş təlim kursları artıq başa çatıb. Qax Bilik Evində 42 dinləyici “Rus dili”, “İngilis dili”, “Kompüter texnologiyaları və kargüzarlıq işi”, Oğuz Bilik Evində 14 dinləyici “Rus dili”, Şəmkir Bilik Evində 18 dinləyici “Rus dili” və “İngilis dili”, İsmayıllı Bilik Evində 7 nəfər “Rus dili”, Nardaran Bilik Evində 16 nəfər “Rus dili” və “İngilis dili”, Rus Pravoslav kilsəsində 19 nəfər “Azərbaycan dili”, İsmayıllı rayonu Nic qəsəbəsindəki "Cotari" Alban-Udi kilsəsində 15 dinləyici “Azərbaycan dili”, Bilik Fondu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində 10 dinləyici “Ərəb dili” üzrə təlim kurslarını uğurla başa vurublar. Bilik Fondunun nümayəndələri və mühazirəçiləri yekun imtahanlarda yüksək nəticələr göstərmiş dinləyicilərə müvafiq sertifikatları təqdim ediblər.

Təlimləri uğurla başa vurmuş dinləyicilər Bilik evləri ilə vidalaşmaq fikrində deyillər. Yeni mövsümdə Bilik Fondunun könüllüləri sırasına qatılmış gəncləri maraq dairələri nəzərə alınmaqla dərnək və klublarda elm və mədəniyyət xadimləri ilə yeni görüşlər və müzakirələr, dəyirmi masalar və intellektual müsabiqələr gözləyir.

Hazırda Bilik evlərində təşkil edilən təlim kurslarına dinləyici qəbulu davam edir, Fond isə yerlərdə keçirilən sosioloji sorğuların nəticələrini təhlil etməklə yaxın gələcəkdə hansı təlimlərə daha çox ehtiyac olduğunu müəyyənləşdirir.

Bilik Fondunun bölgələrdə fəaliyyət göstərən Bilik evləri bilik əldə etmək və maariflənmək istəyində olan hər bir kəs üçün qapıları daim açıq olan məkanlardır. Bu məkanlardan bəhrələnməklə həm özünü intellektual baxışmdan zənginləşdirmək, həm də cəmiyyətə fayda gətirmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti