...

Azərbaycanda qeysəriyyə ilə doğulan uşaqların sayı artır

Cəmiyyət Materials 28 Avqust 2017 20:36 (UTC +04:00)
Azərbaycanda doğuşların sayının azalmasına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayı artır.
Azərbaycanda qeysəriyyə ilə doğulan uşaqların sayı artır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ümumi doğuşların azalmasına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayı artır.

Trend-in məlumatına görə, 2005-ci ildən sonrakı müddət ərzində Azərbaycanda ən çox doğuş 2011-ci ildə olsa da, həmin ildə də qeysəriyyə kəsiyi əməliyyatlarının sayı ötən ilki qədər olmayıb.

2011-ci ildə 175 175 doğuşun yalnız 25 960-sı qeysəriyyə kəsiyi əməliyyatı ilə edilib.

2012-ci ildə Azərbaycanda 173 376 doğuşun 30 794-u, 2013-cü ildə 171 508 doğuşun 28 954-i, 2014-cü ildə 168 889 doğuşun 30 561-i, 2015-ci ildə 164 614 doğuşun 45 942, 2016-cı ildə 158 051 doğuşun 46 555-I qeysəriyyə əməliyyatı ilə olub.

Ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı da artıb. Azərbaycanda 2014-cü ildə hər 100 doğuşdan 18,1-i, 2015-ci ildə 27,9-u, 2016-cı ildə 29,5-i qeysəriyyə kəsiyi əməliyyatı ilə baş tutub.

Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədovanın sözlərinə görə, qeysəriyyə kəsiyinin olması üçün 5 tibbi göstəriş var ki, bunun da birincisi bundan əvvəl keçirilən əməliyyatdakı çapıqdır.

Onun sözlərinə görə, son illər qeysəriyyə kəsiyi əməliyyatlarının əksəriyyəti uşaqlıq üzərində olan təkrar çapığa görə edilir.

SN-nin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri Rüstəm Hüseynov bir müddət əvvəl Trend-ə verdiyi açıqlamasında təəssüflə bildirmişdi ki, planlı qeysəriyyə kəsiyi əməliyyatları hamiləliyin 38-ci həftəsi tamam olduqdan sonra həyata keçirilməli olsa da, Azərbaycanda bu əməliyyatlar hamiləliyin 37-38-ci həftəsində də edilir.

Baş neonatoloq əlavə edib ki, qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlığında böyük problemlər yaradır.

Onun sözlərinə görə, bu hal yenidoğulmuşlar arasında ilk növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərində problemlərin yaranmasına səbəb olur.

R.Hüseynovun sözlərinə görə, 38-ci həftədən tez, planlı qeysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqların beyin inkişafı indeksinin ümumi populyasiyadan 6 faiz aşağı olduğu artıq dünya elmində sübut olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti