Bakı. İlhamə İsabalayeva - Trend:
Qurban bayramı günləri üçün Bakıdakı hotellərdə demək olar ki, yerlərin hamısı bron edilib.
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.
Müsəlman ölkələrində Qurban bayramının fərqli müddət ərzində - 3, 7, 10 gün keçirildiyini deyən M.Ağakərimovun sözlərinə görə, bayramda Azərbaycana daha çox ərəb ölkələrindən və İrandan turistin gələcəyi gözlənilir. Eləcə də Qazaxıstan və Özbəkistandan da turistlərin gələcəyi proqnozlaşdırılır.
M.Ağakərimov daha çox 3-4 ulduzlu hotellərin bron edildiyini söyləyib.
AzTA rəsmisi əlavə edib ki, yerli turizm şirkətləri Qurban bayramı günlərində fəaliyyət göstərəcəklər.
Turizm şirkətlərinin bölgələrə, xüsusilə Qəbələ, Şəki, Quba və Qusara turlar təşkil etməyə hazır olduğunu söyləyən M.Ağakərimov qeyd edib ki, turist axınının artması ölkədə ekskursiya bələdçilərinə, xüsusilə ərəb dilini bilən bələdçilərə ehtiyac yaradıb.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar sentyabrın 1-4-də Azərbaycanda qeyri-iş günü olacaq.