Bakı. Trend:
Sentyabrın 11-dən 16-dək Çinin Çendu şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş Assambleyasının 22-ci sessiyası keçiriləcək.
Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
Mindən çox nümayəndəni əhatə edəcək sessiyada turizm sektorunun BMT-nin Dayanıqlı İnkişafın Məqsədlərinə töhfəsinin artırılması yolları müzakirə olunacaq, təşkilatın 2018-2019-cu illərdə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək.
Sessiyanın gündəliyinə turizm və Dayanıqlı İnkişaf Məqsədləri üzrə debatların keçirilməsi, intellektual turizmə dair xüsusi sessiya, ÜTT-nin Turizm üzrə Qlobal Kodeksini beynəlxalq konvensiyaya çevirmək, turizm sektorunda cari tendensiyalar və digər məsələlərin müzakirəsi daxil edilib. Assambleyada, həmçinin təşkilatın növbəti illər üçün fəaliyyət istiqaməti və əsas prioritetləri müzakirə olunacaq.