Bakı. Trend:
Paris Azǝrbaycan Evi Azǝrbaycanın Fransadakı səfirlyinin dəstəyi ilə Parisdə və paytaxt ətrafında yaşayan məktəblilər üçün həftəsonu Azərbaycan dili dərslərinin tədrisini bu il də davam etdirəcək.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Artıq 4 ildir fəaliyyət göstərən həftəsonu məktəbində yeni tədris ilininin ilk dərsi keçirilib. Azərbaycan Evinin sədri, məktəbin direktoru Mirvari Fətəliyeva yeni dərs ilinin başlaması münasibətilə uşaqları və valideynləri təbrik edərək Azərbaycan dili dərsləri haqqında məlumat verib. Eyni zamanda, bu ölkədə doğulub böyümüş azərbaycanlı uşaqların gələcəkdə milli mənsubiyyət problemlərinin yaranmaması üçün, doğma ölkələrinə bağlılığını təmin etmək məqsədilə həftəsonu dərslərinin rolunun böyük olduğunu qeyd edib.
Vǝtǝndǝn kǝnarda dilimizin öyrənilməsi uçun hǝyata keçirilǝn bu layihǝ Azǝrbaycan mǝdǝniyyǝtini tǝbliğ edǝn Paris Azǝrbaycan Evinin uğurlu layihǝlǝrindǝn biridir. Dərslərdə şagirdlərə Azərbaycan dili və ǝdəbiyyatı, tarixi, coğrafiyası, həmçinin zǝngin mədəniyyəti tədris olunur.
Dərslər iki sinifdən ibarət olaraq 5-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Təmənnasız olaraq keçirilən dərsləri saat yarım ərzində Mehri Quliyeva və Nazilə Şəfiyeva tədris edir.
Tədris ilinun ilk günündə şagirdlərə dərsliklər, dərs ləvazimatları paylanılıb, dərsin mövzusu isə dövlət atributlarına və ana dili qrammatikasına həsr edilib.