...

Sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 14 Sentyabr 2017 12:59 (UTC +04:00)

Bakı. Trend:

Sağlamlıq imkanları məhdud gənclərin Beynəlxalq Sülh Gününə həsr olunmuş əl işlərindən ibarət sərgi təşkil olunub.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu təbəqədən olan gənclər tərəfindən sülh mövzusunda ədəbi-musiqili kompozisiya da təqdim edilib.

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 21 Sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş “Dünyamızı qoruyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, millət vəkili Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının şöbə şöbə müdiri Faiq Ağayev ayrı-ayrı qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk növbədə Mərkəzdə peşə reabilitasiyasına cəlb olunmuş sağlamlıq imkanları məhdud gənclərin 200-dən çox əl işindən ibarət sərgi ilə tanış olublar. Sərgidə tətbiqi sənətin müxtəlif növlərində (xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma və s.) təqdim olunan əl işləri, o cümlədən sülh mövzusuna dair hazırlanmış əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbiri giriş sözü ilə açan Z.Babayev BMT tərəfindən 1981-ci ildə təsis olunan və hər il qeyd olunan Beynəlxalq Sülh Gününün əsas məqsədinin bütün dünyada sülhə və əmin-amanlığa yönələn səylərin daha da artırılması, sülh mədəniyyətinin geniş təbliği olduğunu bildirib. Qeyd olunub ki, hər il Beynəlxalq Sülh günü ilə əlaqədar Ombudsmanın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Sülh aylığı” çərçivəsində ƏƏSMN tərəfindən də aidiyyəti üzrə tədbirlər təşkil olunur. Hazırda Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirilən bu tədbir də sülh mədəniyyətinin təbliğinə yönəlməklə yanaşı, eyni zamanda sağlamlıq imkanları məhdud gənclərimizin yaradıcılıq potensialının cəmiyyətə tanıdılmasına xidmət edir. Burada təqdim olunan yaradıcılıq nümunələrində gənclərin sülh, əmin-amanlıq arzuları, xalqımızın sülhsevərliyi əksini tapıb.

2013-cü ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasında, onların məşğulluğunun dəstəklənməsində mühüm rol oynayır. İndiyədək 1200 nəfərdən çox sağlamlıq imkanları məhdud gənc burada peşə reabilitasiyasına cəlb olunub. Hazırda isə 115 nəfər Mərkəzdə peşə təlimindədir. Mərkəzə qəbul olunanlardan bir çoxunun ayrı-ayrı sənət növlərində malik olduqları bacarıqlar xüsusi təlim məşğələləri şəraitində daha da təkmilləşdirilir. Mərkəzi bitirən sağlamlıq imkanları məhdud gənclərdən bir qismi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Mədəniyyət və İncəsənət Universitetinə və digər kolleclərə daxil olaraq təhsillərini uğurla davam etdirirlər. Ötən dövrdə ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında, “Formula-1” üzrə Avropa Qran-pri yarışlarında bu Mərkəzdən olan gənclərin də könüllü kimi iştirakına şərait yaradılıb.

Tədbirdə digər çıxış edənlər Beynəlxalq Sülh gününün təsis olunması tarixindən və əhəmiyyətindən bəhs ediblər. Hazırda keçirilən tədbirin sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq nümunələrinin tanıdılmasında, həmin gənclərin onların cəmiyyətin mədəni həyatında iştirakının dəstəklənməsində önəmi də diqqətə çatdırılıb.

Tədbir Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimində olan gənclərin sülh mövzusunda təqdim etdikləri ədəbi-musiqili kompozisiya ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti