Bakı. İlhamə İsabalayeva – Trend:
Azərbaycanda insan sağlamlığı üçün lazım olan toxumaların hər birinin transplantasiyasına icazə verilməlidir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rəşad Mahmudov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda beyin ölümü keçirmiş insanların orqanlarının transplantasiyası aparılmır: “Bu gün Səhiyyə Komitəsi olaraq beyin ölümü ilə bağlı məsələnin cavabını tapmalıyıq. Bununla bağlı qanunlarımız var, xəstəxanalar, bazalar qurulub, real şəkildə bəzi orqanların transplantasiya əməliyyatları aparılır. Ancaq beyin ölümü olmuş insanların orqanlarının transplantasiyası aparılmır. Beyin ölümü məsələsi ilə əlaqədar Səhiyyə Komitəsində Səhiyyə Nazirliyinin, ən əsası ölkənin baş nevropotoloqunun, baş beyin cərrahının və baş reanimatoloqunun iştirakı ilə dinləmələr keçirilməlidir. Burada beyin ölümü diaqnozunun qoyulub-qoyulmamasının səbəbi ilə bağlı məsələyə cavab tapmasaq, insanlara “Gedin orqanlarınızı verin” deyə bilmərik. Dinləmələr nəticəsində suallara cavab tapmaqla bu məsələləri həll edə bilərik”.