...

İlk güzəştli mənzillərin mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı arayışlar verilib

Cəmiyyət Materials 20 Sentyabr 2017 15:33 (UTC +04:00)

Bakı. Trend:

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tikintisi davam edən ilk layihəsi – Yasamal Yaşayış Kompleksinin 9 binadan və 584 mənzildən ibarət olan birinci məhəlləsinin mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı təmin edilib.

Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışlar təqdim olunub.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qabaqcadan qeydiyyat sənədləri tikintisi davam edən mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi üçün əsasdır. Eyni zamanda, mövcud qanunvericiliyə uyğun olaraq, qabaqcadan qeydiyyat arayışı tikinti mərhələsində olan mənzillərin girov qoyularaq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsini imzalamış müvəkkil banklar tərəfindən güzəştli ipoteka kreditlərinin verilməsinə imkan yaradır.

Mənzillər üzrə hüquqların qabaqcadan qeydiyyatı təsdiq olunmuş tikinti layihəsi və tikintiyə icazə əsasında aparılır, mənzillərin layihəyə uyğun şəkildə inşa olunmasına zəmanət verir. Yaşayış binası tikilərək istismara verildikdən sonra, mənzilə sahib olan vətəndaşın qabaqcadan qeydiyyat arayışı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə əvəzlənəcək.

Mənzil İnşaatı Dövlət Agentliyi 29 yaşayış binasından ibarət Yasamal Yaşayış Kompleksinin tikintisi davam edən növbəti mənzillərinin mülkiyyət hüququnun qabaqcadan qeydiyyatının təmin edilməsi istiqamətində işləri davam etdirəcək və müvafiq arayışların mərhələli şəkildə alınmasını təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti